Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2023 01:02
Əlamət və ya nişanə bir şey baş verməmişdən öncə onu qabaqlayan hadisəyə deyilir. Uca Allah buyurur: "Məgər kafirlər o Saatın qəfil onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir" (Muhəmməd, 18).
Saat - Qiyamət gününün adlarından biridir. Qiyamət günü qəfil qopacağına və insanları ansızın yaxalayacağına görə belə adlandırılmışdır. Burada Qiyamətin əlamətləri deyildikdə, o Saat gəlməmişdən əvvəl baş verəcək hadisələr nəzərdə tutulur. Qiyamətin əlamətləri böyük və kiçik əlamətlər olmaqla iki qismə bölünür.
Qiyamətin kiçik əlamətlərindən bəziləri artıq baş vermişdir. Bu əlamətlərdən biri Peyğəmbərin göndərilməsidir. Ənəs ibn Malik rəvayət edir ki, bir dəfə Peyğəmbər orta barmağıyla işarə barmağını birləşdirib dedi: "Qiyamət Saatı insanlara, bu iki barmaq qədər yaxın olduğu zaman mən peyğəmbər göndərildim." (Səhih əl-Buxari, 6504).
Həmin əlamətlərdən biri də Hicaz ərazisindən alovun çıxması və Busradakı dəvələrin boyunlarına belə işıq düşməsidir. Peyğəmbər demişdir: "Hicaz torpağından od çıxıb Busradakı1 dəvələrin boyunlarını işıqlandırmayınca, Qiyamət qopmayacaq." (Səhih əl-Buxari, 7118). Busra - Suriyanın cənubunda yerləşən şəhərdir. Bu od Peyğəmbərin dediyi kimi hicrətin 654-cü ilində Cumadəl-Axira ayının əvvəllərində Mədinənin şərqindən çıxmışdır. O zaman vadilər lava ilə dolmuş və insanlar bundan dəhşətə gəlmişlər. Odun işığını Şam və Busra əhli görmüşdür, oradakı dəvələrin boyunlarını isə Peyğəmbərin dediyi kimi işıqlanmışdır.
Kiçik əlamətlərdən bəziləri isə üzə çıxmış, lakin hələ bitməmişdir, əksinə getdikcə çoxalmaqdadır. Bu növ əlamətlər çoxdur. Həmin əlamətlərdən biri məşhur Cəbrail hədisində deyildiyi kimi kənizin öz ağasını doğması, ayaqyalın, çılpaq çobanların hündür bina tikməkdə yarışmalarıdır.
Həmin əlamətlərdən biri də peyğəmbərlik iddiasında olan otuz yalançının meydan gəlməsidir. Peyğəmbər demişdir: "Allahın rəsulu olduğunu iddia edən otuza yaxın yalançı dəccallar meydana gəlməyincə Qiyamət qopmaz." (Səhih əl-Buxari, 3609).
Həmçinin demişdir: "Ümmətim arasında otuz yalançı olacaq və onların hər biri peyğəmbər olduğunu iddia edəcəkdir. Lakin mən peyğəmbərlərin sonuncusuyam və məndən sonra peyğəmbər gəlməyəcəkdir."
Bir əlaməti də budur ki, Fərat çayının suyu çəkiləcək və yerində qızıldan bir dağ peyda olacaq ki, insanlar onun üstündə bir-birilərini qıracaqlar. Peyğəmbər demişdir:
"Furat çayının suyu çəkilib oradan qızıl bir dağ çıxmayınca və insanlar onun uğrunda müharibə etməyincə, Qiyamət qopmaz. Hər yüz nəfərdən doxsan doqquzu məhv olacaq və onlardan hər biri: "Bəlkə xilas oldum"- deyəcəkdir." Bu əlamət hələ baş verməmişdir.
Həmçinin, rəvayət edilir ki, Auf ibn Malik demişdir: "Təbuk döyüşündə Peyğəmbər dəridən düzəldilmiş çadırda ikən mən onun yanına gəldim və o mənə dedi: "Qiyamət saatı gəlməzdən əvvəl baş verəcək bu altı əlaməti say: mənim ölümüm, sonra Beytul-Məqdisin fəth edilməsi, sonra qoyunları qırıb-çatan tumov xəstəliyi kimi sizi məhv edəcək azar, sonra mal-dövlət o qədər artacaq ki, birisinə yüz dinar verildikdə bundan narazı qalacaq, sonra elə bir fitnə meydana gələcək ki, ərəblərdən hər birinin evinə girəcək, daha sonra rumlularla sizin aranızda sülh bağlanılacaq və çox keçmədən onlar bu əhdi pozub hər birinin altında on iki minlik qoşun olan səksən bayraqla sizin üstünüzə gələcəklər." (əl-Buxari, 3176). Yəni onlar doqquz yüz altmış minlik qoşunla gələcək. Tumov - burunun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlikdir.