Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 09:18
Elmi araşdırmaya görə, bu prosedur gənclərdə qan xərçəngi riskini artıra bilər; insan bir dəfə KT-yə girməklə, 7-10 il ərzində ətraf mühit, texnika, digər mənbələrdən qeyri-ixtiyari olaraq bədəninə yönələn radioaktiv şüaların miqdarını almış olur
Belçika, Danimarka, Fransa, Almaniya, İspaniya, İsveç və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu Kompüter Tomoqrafiyası (KT) gənclərdə qan xərçəngi riskini artıra biləcəyi qənaətinə gəlib.
"Nature Medicine" jurnalında dərc olunan məqalədə göstərilir ki, mütəxəssislər həyatları boyu ən azı bir Kompüter Tomoqrafiyası (KT) keçirmiş 22 yaşdan kiçik bir milyona yaxın insanın məlumatlarını təhlil ediblər. Bunun üçün doqquz ölkədəki 376 xəstəxananın qeydləri araşdırılıb. İştirakçılar ümumilikdə təxminən səkkiz il izlənilib.
Mütəxəssislər KT-nin qan xərçənginin inkişafı ilə əlaqəli olduğunu müəyyən ediblər. Məqalədə qeyd edilir ki, hər il bir milyondan çox uşaq kompüter tomoqrafiyası (KT) müayinəsindən keçir. Orta və yüksək dozada ionlaşdırıcı şüalanmaya məruz qalma hematoloji bədxassəli şişlərin inkişafı üçün müəyyən edilmiş risk faktoru olsa da, KT dozası səviyyələrində risklər qeyri-müəyyən olaraq qalır. Nəticələr göstərir ki, bu gün müayinə olunan hər 10 min uşaq üçün (orta doza 8 mq) 1-2 fərddə növbəti 12 il ərzində radiasiyaya məruz qalma ilə bağlı hematoloji bədxassəli şişlərin inkişafı gözlənilir. Kompüter Tomoqrafiyasının (KT) istifadəsi 1970-ci illərin əvvəllərində tətbiq olunduqdan sonra əksər yüksək gəlirli ölkələrdə sürətlə artıb. Elmi məqalələrə görə, KT zamanı xəstəyə ionizə edilmiş şüa dalğaları göndərilir. Bu da bir çox şiş xəstəliklərini aktivləşdirir. Britaniyanın məşhur "British Medical Journal"ında dərc olunan elmi məqalədə qeyd olunmuşdu ki, fərdi olaraq tək-tək KT diaqnostika xərçəng xəstəliyinin dinamikasını və diaqnostikasını 24% artırıb. Bu faiz göstəricisi zamanla dəyişir. Belə ki, bir insan fərdi olaraq, tək KT skan edilməsindən nə qədər çox keçsə, bir o qədər yaşlandıqda, gələcəkdə xərçəng olma ehtimalı artır. Xüsusən yeniyetmə və gənc yaşlarında KT müayinəsi yaşlandıqda xərçəng riskini artırır və bu, 35%-ə qədər arta bilər. KT diaqnostikada üçqat, üçmərhələli çəkimin alınması üçün daha yüksək dərəcədə radiasiya şüası dalğaları bədənə yönəldilir. Bir dəfə KT tərəfindən skan olunma çoxsaylı rentgen çəkimləri ekvivalentinə bərabərdir. Ona görə KT müayinəsini rentgenlə müqayisə etmək düzgün deyil. Hesablamalara görə, bir dəfə tək KT çəkimi zamanı radioaktiv şüalanma bir insanın bir il ərzində təbii olaraq məruz qaldığı fon ionizəedici şüalanma dozasından 10 dəfə çoxdur. Yəni insan bir dəfə KT-yə girməklə, 7-10 il ərzində ətraf mühit, texnika, digər mənbələrdən qeyri-ixtiyari olaraq bədəninə yönələn radioaktiv şüaların miqdarını almış olur. Elmi araşdırmalara görə, 5-125 millizivert dozada radioaktiv şüalanma artıq orqanizm üçün zərərlidir və xərçəng riskini 25-35% artırır. Artıq şiş xəstəliyi olan insanlar isə müayinə və müalicə məqsədilə həm şüa terapiyası, həm ildə bir neçə dəfə KT müayinə olunduğuna görə radioaktiv şüalanma dozaları daha yüksək həddi keçir və anormal həddə çatır.
Harvard Universitetinin tədqiqatında isə bildirilib ki, qadınlar və gənc qızlar da təhlükədədir. Belə ki, süd vəziləri istər baş-döş qəfəsi, istər qarın boşluğu, çanaq KT müayinəsində şüalanmaya məruz qaldığından, gələcəkdə süd vəzi xərçəngi yaranması riski artır. Bir dəfə KT müayinədən keçmək, xüsusilə döş qəfəsi və qarın boşluğu müayinəsindən sonra xərçəngə tutulma faizi 2000 nəfərdən birdir. Yəni hər 2000 nəfərdən biri xərçəng ola bilər. Ona görə bir çox alternativ tibb tərəfdarları pasiyentlərə rəqəmsal infraqırmızı termoqrafiyanı məsləhət görürlər. Çünki bu zaman radioaktiv şüalanma əvəzinə infraqırmızı şüalardan istifadə olunur. Bu metodla müayinə heç də KT-dən az informativ deyil və daxili orqanlardakı anomaliyaları göstərə bilir. Eləcə də KT və rentgen arasında seçim etmək lazım gələrsə, rentgen seçilməlidir. USM-lə görülə bilən xəstəlik KT ilə təkrar müayinə olunmamalıdır. MRT isə qarın boşluğu, baş beynin müayinəsində az informativ olsa da, əgər həkim MRT ilə diaqnoz qoya bilərsə, KT ilə MRT arasında üstünlük MRT-yə verilməlidir.
Sonxeber.net bildirir ki, Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq baş həkimi Nəsimi Qasımov "Yeni Müsavat"a şərhində qeyd etdi ki, əgər zəruri vəziyyətlə əlaqədar göstəriş varsa, KT müayinəsi aparıla bilər. Həkim qeyd etdi ki, daimi rentgen şüalarının təsiri altında qalan şəxslərdə risk ehtimalını nəzərdən keçirmək olar: "Həyatında bir dəfə KT müayinəsindən keçmiş gənclərdə hematoloji bədxassəli şişlərin yaranması ağlabatan deyil. KT yalnız xüsusi göstəriş əsasında aparılır. Məsələn, xüsusilə gənclərdə süd vəzi patologiyalarının diaqnostikasında mamoqrafiyanı tövsiyə etmirik. KT-ni MRT ilə əvəz etmək olur. Bəzi hallarda MRT olmayan yerlərdə məcburən KT müayinəsi aparılır. Lakin inanmıram ki, bunun nəticəsində leykoz əmələ gəlsin. Gənclərdə MRT müayinəsini daha çox tövsiyə edirik. Əgər genetik və digər amillərlə əlaqədar leykoza meyllilik varsa, yalnız təkrar-təkrar rentgen şüalarının təsiri ilə risk arta bilər. Sadəcə, bir dəfə KT müayinəsindən keçmək leykoz riski yaratmaz. Ümumiyyətlə, dövlət təşkilatlarında bu məsələyə ciddi nəzarət var. Ehtiyac olmadığı təqdirdə gəncləri KT müayinəsinə göndərmirlər".
Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev "Yeni Müsavat"a mövzunu belə şərh etdi: "İlk növbədə müayinədə istifadə olunan şüanın mahiyyətinə diqqət etmək lazımdır. KT müayinəsində istifadə olunan şüalar ionlaşdırıcı şüalardır. Əgər şüa neytral atomla qarşılıqlı təsirdə olursa, neytral atomu iona çevirirsə, bu, ionlaşdırıcı şüa adlanır. Bu o deməkdir ki, normal dozasında istifadə olunmadığı təqdirdə orqanizmdə bioloji təsirə malik olur, dəyişiklik, mutasiya yarada bilər, fəsadları yarana bilər. MRT-də isə radiosiqnallardan istifadə edilir. MRT-də istifadə olunan şüaların bioloji təsiri, yəni orqanizmə zərərli təsiri hələ ki aşkar edilməyib, çünki ionlaşdırıcı şüadan istifadə edilmir. Belə bir söz var ki, MRT gələcəyin müayinəsidir, imkanları genişləndikcə, yeniliklər tətbiq edildikcə, istifadə hüdudları genişlənməyə başlayır. Nəticədə KT müayinəsi məhdudlaşa bilər. Bu gün MRT müayinələrini KT müayinələri əvəz edə bilmir. İonlaşdırıcı şüalara ən çox həssas olan cinsi və qanyaradıcı orqanlardır (qırmızı sümük iliyi, qalxanvari vəz də o cümlədən). Xüsusilə iki cür toxuma şüalanmaya daha həssasdır: sürətlə bölünüb böyüyən və yüksək differensasiya olunmuş toxumalar. Həyati göstəriş varsa, KT müayinəsi aparılmalıdır. Zəruri olmadıqca KT istifadəsindən çəkinmək lazımdır. Yaş məhdudiyyəti ilə bağlı həyati göstəriş olmadıqda uşaqlarda KT müayinəsi aparılmamalıdır. Ümumiyyətlə, KT müayinəsi profilaktik müayinələrə daxil deyil".