Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2023 08:38
İsrail ordusu ötən gün Qəzza zolağındakı Əl-Şəfa xəstəxanasında yeraltı tunel və içərisində silahlar olan avtomobil aşkar etdiyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, daha əvvəl də İsrail HƏMAS yaraqlılarının yeraltı tunellərlə komanda məntəqələrini və girovları gizlətmək üçün xəstəxanadan istifadə etdiyini bildirib.
Buna görə İsrail sözügedən xəstəxanaya yanacaq idxalını dayandırıb.
Lakin bu, xəstəxanaya sığınan minlərlə insanın həyatını ölümlə üz-üzə qoyur: İsrail-HƏMAS müharibəsində ən çox ziyan görən mülki obyektlərdən biri - Əl-Şəfa xəstəxanasında hər gün insanlar ölür...
Xəstəxanada son bir neçə gündə onlarla xəstə elektrik enerjisi və generatorlar üçün yanacaq çatışmazlığı səbəbindən vəfat edib. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəxananı ölü sayına görə "qəbiristanlıq" adlandırıb.
Qəzzadakı iki telekommunikasiya şirkəti şəbəkəni təmin edən enerji mənbələrinin tükəndiyinə görə ərazidəki bütün xidmətləri dayandırıb. Bu isə yenə də yanacaq çatışmazlığına görə insanların ölməsi deməkdir.
Lakin beynəlxalq çağırışlara rəğmən İsrail rəsmiləri bildiriblər ki, Kalaşnikov tüfəngləri və qumbaraatanlar da daxil olmaqla hərbi texnikaların aşkar edildiyi obyekt artıq xəstəxana statusunda deyil, müharibədə istifadə olunan hərbi məntəqələrdən biridir.
Xatırladaq ki, İsrail-HƏMAS müharibəsində oktyabrın 7-dən bəri Qəzzada 4700-dən çoxu uşaq olmaqla 11500 nəfər ölüb.
Qeyd edək ki, bura Qəzza zolağındakı ən böyük xəstəxanadır. 360 kvadrat kilometrlik xəstəxana 1946-cı ildə inşa edilib.