Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qərar İrəvana zərbədir - Ekspert

Bu qərar İrəvana zərbədir - Ekspert

Tarix: 21 Noyabr 2023 17:32

Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarını Qərbdəki ermənipərəst qüvvələrə zərbə kimi qiymətləndirə bilərik. Çünki qərarda mahiyyət etibarilə Qarabağın Azərbaycan ərazisi olduğu bir daha təsdiq edildi. Qərarda könüllü şəkildə Qarabağı tərk edən ermənilərin istədikləri zaman oraya qayıda bilməsinə şərait yaradılmasının önəmi vurğulanıb. Onların hüquq və təhlükəsizlikləri məhz Azərbaycan tərəfindən təmin edilməlidir. Yəni burada hansısa beynəlxalq müşahidəçi və missiyadan söhbət getmir. Qərarın təsiri həm ABŞ, həm AB diplomatları, eyni zamanda Toivo Klaarın son müsahibəsində özünü göstərib.

Bu sözləri Axar.az-a AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın erməni mətbuatına müsahibəsi zamanı ermənilərin Qarabağa qayıtması haqqında səsləndirdiyi fikirlər barədə danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Siyasi şərhçi artıq üç ildir ki, dövlətimizin öz üzərinə məsuliyyət götürməyə hazır olduğunu beynəlxalq səviyyədə bəyan etdiyini vurğulayıb:

"Azərbaycanın üzərinə hansısa xüsusi öhdəlik qoyulmur, hər şey istəkdən asılıdır. BƏM-in qərarında hərəkət azadlığının təmini, eyni zamanda hüquqların və təhlükəsizliyin qorunması öhdəliyi ancaq Azərbaycanın üzərinə qoyulur. Sözügedən istiqamətdə qeyd olunan bir çox məsələni qərardan əvvəl dövlətimiz öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Yəni Azərbaycanın üç ildir dediklərini indi bunlar öz sözləri kimi təkrarlayırlar. Yəqin ki, bu da Qərb diplomatiyasının xüsusiyyətlərindəndir".

Milli.Az


Etiketlər:  Bu qərar İrəvana zərbədir Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ