Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 19:26
Bakı. Trend:
Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.
Nazir bildirib ki, beynəlxalq hüquq və qayda-qanunlara əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur. Lakin ŞT-ni yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün, ŞT-nin əsas öhdəliklərini yerinə yetirməliyik:
"10 il əvvəl Praqada ŞT-nin əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə ŞT-nin beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və ŞT-nin əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. 2013-cü ildə Avropa Parlamenti (AP) tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir ŞT ölkəsinin digərinin ərazilərini işğal etməsi ŞT-nin əsas prinsiplərini və məqsədlərini pozur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır. Bundan əlavə, AP Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ŞT ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır. Beləliklə, ŞT-nin növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaqdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin