Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2019 16:44
Bakı. Trend:
Küveyt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin təqdimatı keçirilib.
Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bu nəşrlər “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “Real tarix və “Böyük Ermənistan” uydurması” kitablarıdır.
Universitetin mühazirə zalında keçirilən tədbirdə sosial elmlər fakültəsinin dekanı Hamud Əl-Qaşan bildirib ki, Küveytin xarici siyasətində Azərbaycan mühüm yer tutur: “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ingiliscə nəşrini oxumuşam. Bu nəşr əsasında filmlər çəkilə bilər. “İrəvan xanlığı”ndan universitetdəki tədris prosesində geniş istifadə olunacaq”.
Hamud Əl-Qaşan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərək deyib ki, Azərbaycan xalqı təcavüzkar deyil, özünü müdafiə edir. Təcavüzkar ölkə Ermənistandır.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov geniş çıxışında qeyd edib ki, bu gün elmi müəssisənin nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur: “Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb”.
Yaqub Mahmudov deyib: “Küveytli gəncləri qardaş Azərbaycanın tarixini dərindən öyrənməyə çağırıram. Azərbaycan xalqı böyük imperiyalar yaradıb. 200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix çar Rusiyası tərəfindən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi ilə başlayıb. Faciələrin təkrarlanmaması üçün tarixdən ibrət dərsləri almalıyıq”.
Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Yaqub Mahmudovun məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. O, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıb.
Sonda akademik Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanova və dekan Hamud Əl-Qaşana tədbirin mükəmməl təşkilinə görə təşəkkür edərək, Tarix İnstitutunun ərəbcə nəşrlərini universitetin kitabxanasına hədiyyə edib.
Qeyd edək ki, Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, “Qarabağ tarixi” şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli, eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmud və Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Beynəlxalq Təşkilatın Azərbaycan üzrə rəhbəri Elçin Nəsirli daxil olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin