Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsan sağlamlığı üçün vacib olan yeddi qidanı tanıyaq - VİDEO

İnsan sağlamlığı üçün vacib olan yeddi qidanı tanıyaq - VİDEO

Tarix: 30 Dekabr 2023 06:27

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hər kəsə sağlam və faydalı qida məhsullarından istifadə olunmasını tövsiyə edir.

İnsan sağlamlığı üçün vacib hesab olunan əsas 7 qida isə aşağıdakılardan ibarətdir:

Balıq: Balıq məhsulları Omeqa-3 yağ turşuları, eləcə də bir çox mineral və vitaminlərlə zəngindir. Bu məhsullar diqqət pozğunluğu, bağırsaq və digər xəstəliklərin yaranma riskini azaldır. Həmçinin beynin funksiyalarını yaxşılaşdırır, ürəyin sağlam olmasına kömək göstərir və sümüklər üçün faydalıdır. Balığın tərkibindəki zülal digər zülallara nisbətən tez həzm edilir.

Yumurta: "Təbii multivitamin" adlandırılan yumurta rasionumuzda mühüm yer tutur. Ortaölçülü iki yumurtanın tərkibində gündəlik D vitamini ehtiyacımızın 82, fol turşusu ehtiyacımızın 50, B2 vitamini ehtiyacımızın 25, selen ehtiyacımızın isə 40%-i mövcuddur. Yumurta, həmçinin A, E, B5, B12 vitaminləri, dəmir, yod və fosforla zəngindir. 13 əsas vitamin və mineralla zəngin olan bu qida Omeqa-3 yağ turşuları və antioksidantlar da ehtiva edir.

Göyərtilər: Göyərtilər vitaminlərlə, üzvi turşularla, xüsusilə də, karotin, C, B qrup vitaminləri və fitonsidlərlə zəngindir. Bu məhsullar ürək-damar xəstəlikləri və piylənmə riskini azaldır. Göyərtilər zəngin lif tərkibinə malik olduğundan yaxşı həzm edilir və uzunmüddətli toxluq hissi yaradır. Bu məhsulların qurd yumurtaları ilə çirklənmə ehtimalı çox olduğu üçün istehlak edilməzdən əvvəl yaxşıca yuyulmalıdır. 

Alma: Almanı "vitamin və mineral deposu" adlandıra bilərik. Alma dəmir, kalium, fosfor, sinklə zəngindir və yüksək lif tərkibinə görə asan həzm edilir. Antioksidantdır, yəni bədəni toksinlərdən təmizləyir. Yüksək C vitamini sayəsində qan damarlarının elastikliyini artırır. 

Təbii zeytun yağı: Təbii zeytun yağı A, E vitaminləri və bir çox minerallarla zəngindir, iltihab əleyhinədir və antioksidant təsir göstərir. Bu yağ beynin və gözlərin sağlamlığı üçün əhəmiyyətlidir. Eyni zamanda Altsheymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı faydalı olduğu düşünülür. 

Çərəzlər: Çərəzlər insan orqanizminin ehtiyac duyduğu gündəlik vitamin və mineral normasını, eləcə də beynin təbii yağlara olan ehtiyacını ödəyir. Eyni zamanda çərəzlərin tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliklərə qarşı qalxan rolunu oynayır.

Təbii fermentləşdirilmiş kələm: Təbii halda fermentləşdirilmiş kələm təzə kələmdən daha faydalı hesab edilir. Fermentasiya edildikdə kələmin tərkibindəki şəkər süd turşusuna çevrilir. Süd turşusunun özü çox faydalıdır. Probiotik və prebiotik xüsusiyyətlərə malik olmaqla, bağırsaqlarda zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır və toksinlərin bədəndən xaric olmasını sürətləndirir. Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Həzm prosesinə yaxşı təsir göstərir. Bundan əlavə, məhsul A vitamini, manqan, kalium və kalsiumla zəngindir. Zərərli xolesterinlə mübarizə apararaq ürək-damar xəstəlikləri riskini azaldır. Payız-qış dövründə daha çox istifadə edilən bu məhsul C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir. Faydalı xüsusiyyətlərinə baxmayaraq, təbii fermentləşdirilmiş kələmin qastrit, xora və mədə turşuluğunun normadan artıq olduğu xəstəliklər zamanı istifadəsi tövsiyə edilmir. 

Qeyd edək ki, insan sağlamlığı üçün vacib hesab edilən yeddi qida ilə bağlı AQTA tərəfindən videoçarx hazırlanıb:

Milli.Az


Etiketlər:  İnsan sağlamlığı üçün vacib olan yeddi qidanı tanıyaq VİDEO


RƏYLƏR