Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada Yeni il xərcləmələri - hədiyyəyə çox, yeməyə az pul verənlər

Dünyada Yeni il xərcləmələri - hədiyyəyə çox, yeməyə az pul verənlər

Tarix: 1 Yanvar 2024 10:00

Azərbaycanda bayrama adambaşına nə qədər xərclənir?

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Yer kürəsinin mühüm əksəriyyəti Yeni ili qarşılamağa hazırlaşır. Bu bayramı qeyd edən ölkələrdə bayram hazırlıqları əsasən dekabrın əvvəlindən başlayır. Əksər ölkələrdə əhalinin əsas qeyd etdiyi Yeni il bayramına xərcləmələr digər bütün bayramlardan daha yüksək məbləği əhatə edir. İnsanlar ayrı-ayrı qruplara - ana, ata, yaxud uşaqlar, -  deyil, ailənin bütün üzvlərinə, həmçinin yaxın qohumlara, dostlara da hədiyyələr alır, süfrələri xüsusi təamlarla bəzəyirlər. Yeni il bayramının məxsusi bəzəkləri, yeməkləri var. Əksər xristian ölkələrində Yeni il süfrəsinin baş təamı hindquşu ətindən hazırlanır. Aparılan hesablamalara görə, bu il dekabr ayında yalnız Böyük Britaniyada 13 milyon ədəd bütöv hindquşu sifarişi verilib.

Yeni il - xristian ölkələrində Milad bayramı adlandırılan bayramda xərcləmələr müxtəlif ölkələrdə müxtəlif məbləği əhatə edir. Əhalinin əksəriyyəti Milad bayramını ailəsi və dostlarının əhatəsində keçirir, bayram büdcəsinin böyük hissəsi ailə üçün hədiyyələrə xərclənir. Hədiyyələrdən başqa digər xərclərə bəzək əşyaları, konfet və təbrik kartları daxildir.

Demək olar ki, bütün ölkələrdə bayram xərcləmələrində əsas yer hədiyyələrindir. Məsələn, 2022-ci ildə orta amerikalı istehlakçı Milad hədiyyələrinə əvvəlki illə müqayisədə bir qədər aşağı - təxminən 870 dollar vəsait xərcləyib. Bu il hədiyyə xərclərinin 900 dollar civarında olduğu bildirilir. Kanadada Milad hədiyyələri orta hesabla 1689 dollara yaxın məbləği əhatə edir.

Ümumilikdə, Milad xərclərinin paylanması ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir. 15 ölkə üzrə aparılan hesablamalardan aydın olub ki,  ABŞ sakinləri Milad xərclərinin ən böyük hissəsini hədiyyələrə ayırır - 75 faiz. Kamerunda, əksinə, hədiyyələrə çox az xərclənir - cəmi 20 faiz, Hindistan və Uqandada isə hədiyyələr üçün praktiki olaraq heç bir büdcə ayrılmır.

Yemək və bəzək üçün bayram fondlarının bölgüsü də xeyli dəyişir. Məsələn, Uqanda Yeni il büdcəsinin böyük hissəsini (75 faiz) yeməyə xərcləyir, Kamerunda isə bu rəqəm yalnız 10 faiz, ABŞ-da 13 faiz təşkil edir. Maraqlıdır ki, Birləşmiş Ştatlar Livan (10 faiz) və Filippin (7 faiz) istisna olmaqla, əksər ölkələri geridə qoyaraq, bayram büdcəsinin nisbətən təvazökar 12 faizini dekorasiyalara xərcləyir. Dekorasiya xərclərinin ən böyük payı Milad büdcəsinin 69 faizini bayram dekorasiyasına ayıran Kamerundadır.

Kantar konsaltinq şirkətinin sifarişlər əsasında apardığı hesablamalara əsasən bu ilin dekabrında Böyük Britaniyalıların təkcə ərzağa 13 milyard funtsterlinq və ya 16,4 milyard dollar xərclədiyi güman edilir. 

Avropada Milad günündə ən çox Böyük Britaniya və İspaniya sakinlərinin - müvafiq olaraq 321 və 252 dollar xərcləyəcəyi, Polşa və Rusiyanın müvafiq olaraq 107 və 115 dollarla ən az xərcləməsi gözlənilir. Bəzi ölkələrdə xərclər müxtəlif ənənələrdən də asılı ola bilər. Məsələn, hollandlar Müqəddəs Nikolay gecəsini dekabrın 5-də qeyd edirlər, bu bayramda uşaqlar Hollandiyada Santa və ya Sinterklaasdan hədiyyə alırlar. Bu o deməkdir ki, Miladda hədiyyələrə daha az pul xərclənəcək.

Rusiya pərakənda ticarət şəbəkələri birliyinin məlumatına əsasən 2023-cü il dekabrın 1-dən dekabrın 25-dək ölkəa sakinləri populyar Yeni il mallarına 2,7 milyard rubldan çox pul xərcləyib, 7,7 milyondan çox mal alıblar. Bu, ötən ilin dekabr ayı ilə müqayisədə kəmiyyət baxımından 8 faiz, xərclər baxımından isə 22 faiz çoxdur.

Demək olar ki, bütün dünyada böyük bayramlar öncəsi ticarət şəbəkələri mallara xüsusi endirimlər tətbiq edirlər. Bu, Yeni il ərəfəsində daha böyük endirimlərlə yadda qalır. ABŞ-da, Avropada, eləcə də digər regionlarda noyabrın ortalarından başlayaraq Şükran, Milad bayramları münasibətilə çoxsaylı və ciddi endirim kampaniyalarına start verilir, ticarətçilər əhalinin hədiyyə ehtiyaclarının yüksək olduğu həftələrdə maksimum çox məhsul satmaqla böyük gəlirlər əldə etməyə çalışırlar. Aparılan statistik hesablamalar göstərir ki, bu kampaniyalardakı satışlar bəzən ilin digər dövrlərindəki ümumi satışlara bərabər olur. 

Azərbaycan xristian ölkəsi olmasa da, Yeni ilin gəlişi xüsusi qeyd olunur: həm doğmalara hədiyyələr alınır, həm də dolu bayram süfrəsi hazırlanır. Və Azərbaycanda da ticarət şəbəkələri -  istər ərzaq, istərsə də qeyri-ərzaq mağazaları hay-küylü endirim kampaniyalarını təbliğ edirlər. Lakin əksər ölkələrdən fərqli olaraq, Azərbaycandakı bu kampaniyalara inam çox aşağıdır, əhali dekabrda yalnız bayram süfrəsi və kiçik hədiyyələr üçün ticarət obyektlərinə üz tutur. Bu vəziyyətin yaranması isə əksər hallarda əhalini aldadan ticarətçilərdən qaynaqlanır: onlar bayram ərəfəsində 10 manata satdıqları malın qiymətini 15 manata qaldırıb, bayram kampaniyasında yenidən 10 manata salaraq, endirim görüntüsü yaratmaqla kifayətlənirlər. Bir çox hallarda müvafiq dövlət qurumları bu fırıldaqçılığın üstünü açır, reallıqda heç bir endirimə gedilmədiyini sübut edirlər. Lakin bu ayrı-ayrı faktlar ümumi tendensiyanı dəyişmir. 

Son illərdə yalnız ərzaq satıcılarının Yeni il ərəfəsindəki endirimlərində real nəticələr görmək mümkündür. Əksər ticarət şəbəkələri azsaylı məhsullara endirim tətbiq etməklə alıcı cəlb edə bilirlər. Bu zaman məsələn, 10 növ kərə yağından 1-nə, yaxud 100-lərlə növ şirniyyatdan 5 növünə endirim tətbiq olunur. Ticarət şəbəkələrindən aldığımız məlumata görə, endirim kampaniyaları bir çox hallarda istehsalçı, yaxud idxalçının istəyinə bağlı olur: Onlar istehsal, yaxud idxal etdikləri məhsulların endirim kampaniyasına salınmasına çətinliklə razılıq verirlər. 

Real endirimlərin yalnız azsayda ərzaq məhsullarını əhatə etməsi fonunda əhalinin onlara inamının formalaşmaması təbii görünür...

Təəssüf ki, Azərbaycanda Yeni il bayramı ilə bağlı satışların həcminə dair hər hansı hesablama aparılmır. Ayrı-ayrı ölkələrdə Yeni il üçün xarakterik təamların satış həcmləri ayrılıqda hesablanaraq açıqlanır. Azərbaycanda isə belə hesablamanı yalnız ölkə üzrə pərakəndə ticarət nöqtələrində satılan məhsulların dəyərinə əsasən aparmaq mümkündür. Dövlət Statistika Komitəsinin məlumat bazasına əsasən biz 2022-ci ildə Yeni il xərcləmələrinin təxmini məbləğini hesablaya bilərik. Belə ki, ötən ilin ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 553,1 milyon manatlıq, o cümlədən 20 milyard 14,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539,0 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 

Yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Yanvar-noyabr aylarında isə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111,0 milyon manatlıq, o cümlədən 25 milyard 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19 milyard 756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Beləliklə, aydın olur ki, dekabrdan əvvəlki 3 ayda əhalinin pərakəndə ticarət şəbəkələrindən aylıq alış-verişi orta hesabla 5 milyard manat, o cümlədən ərzaq, içki və tütün məmulatları üçün 2,6 milyard manat, qeyri-ərzaq məhsulları üçünsə 2,4 milyard manat civarında olub.

2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Bu isə o deməkdir ki, ötən ilin dekabrında əhali ərzaq, içki və tütün məmulatlarına 4,1 milyard manat, qeyri-ərzaq məhsullarına isə 3 milyard manat sərf edib. Beləliklə, dekabrda ənənəvi aylıq ərzaq, içki və tütün məmulatlarında xərcləmələrdə 1,5 milyard manat, qeyri-ərzaq məhsullarına xərcləmələrdə isə 600 milyon manatlıq artım qeydə alınıb. Bu məbləği əhalinin Yeni il xərcləri kimi qəbul edə bilərik. Ümumi xərcləmələrin məbləğini 2,1 milyard manatı ölkə əhalisinin sayına - 10 milyona böldükdə, adambaşına 210 manatlıq bir xərc alınır. 

Rəsmi statistikadan aydın olur ki, 2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 173,2 milyon manatlıq, o cümlədən 25 milyard 833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 milyard 339,3 milyon manatlıq qeyri-ərzaq malları satıl. Yanvar-noyabr aylarında isə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3 milyard manatlıq, o cümlədən 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Bu o deməkdir ki, cari ildə əhalinin aylıq ərzaq, içki və tütün məmulatları xərcləri təxminən 3 milyard manat, qeyri-ərzaq məhsulları xərcləri isə 2,3 milyard manat civarındadır. 2024-cü ilin yanvar ayında rəsmi statistik məlumatlar açıqlanarkən, builki Yeni il xərcləmələrinin həcmini hesablamaq mümkün olacaq. 


Etiketlər:  Dünyada Yeni xərcləmələri hədiyyəyə çox yeməyə verənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ