Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polad Bülbüloğlu Kanadanın Rusiyadakı yeni səfiri ilə görüşüb - FOTO

Polad Bülbüloğlu Kanadanın Rusiyadakı yeni səfiri ilə görüşüb - FOTO

Tarix: 22 Yanvar 2024 18:09

2024-cü il yanvarın 19-da Kanadanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Sara Teylor Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə nəzakət səfəri edərək diplomatik korpusun duayeni, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Azərbaycan səfiri Sara Teyloru yeni təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Milli.Az xəbər verir ki, görüşdə bir çox məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında hazırki qarşılıqlı əlqələr müzakirə olunub. Səfir Teylor başa çatmış Ermənistan-Azərbaycan münaqişəsindəki vəziyyətlə və Rusiyanın regionda sülhün dəstəklənməsində oynadığı rolla maraqlanıb.

Polad Bülbüloğlu münaqişənin tarixindən ətraflı bəhs edərək, Azərbaycan və Ermənistan arasındakı çoxillik və səmərəsiz danışıqlar prosesi, 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki qələbə, eləcə də ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi 19 sentyabr 2023-cü il tarixindəki lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib. Səfir həmçinin post-münaqişə dövrü, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində restavrasiya və yenidənqurma üzrə aparılan irimiqyaslı işlər barəsində məlumat verib.

Səfir S.Teylor Azərbaycanın Qarabağ bölgəsindəki mülki erməni əhalinin köç prosesi ilə maraqlanıb.

P.Bülbüloğlu bildirib ki, Azərbaycan dövləti ölkənin işğaldan azad edilmiş ərazilərində erməni əhalinin yaşamasına mane olmayıb. O, Qarabağ bölgəsində yaşayan erməni əhalinin Azərbaycanın hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiya imkanlarına dair ətraflı məlumat verərək Azərbaycan dövlətinin dinc erməni əhaliyə heç bir təzyiq göstərmədiyini vurğulayıb və bir sıra ermənilər öz evlərindən güclə çıxarılıb.

Azərbaycanlı diplomat Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin yalnız hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq əlaqələri qurmaq yolu ilə mümkün olduğuna diqqət yetirib.

Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində iştirakı məsələsinə toxunan P.Bülbüloğlu qonağa Rusiyanın iştirakı ilə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatların qəbul olunması prosesindən danışıb. Həmçinin, bir sıra iddialara baxmayaraq, o Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi əməliyyatların dayandırılması və regionda sülhün və sabitliyin dəstəklənməsindəki müsbət rolunu qeyd edib.

P.Bülbüloğlu güclü erməni diasporunun təsiri altında olan Kanadanın mövqeyindən, bu ölkənin bir sır siyasətçilərinin Azərbaycana qarşı reallıqdan uzaq, ədalətsiz və ermənipərəst açıqlamalarından narahatlığını dilə gətirib. O, Kanada səfirindən iki ölkə arasında münasibətlərin pisləşməsi ilə bağlı narahatlığını rəhbərliyinin nəzərinə çatdırmasını xahiş edib.

Qarşılıqlı anlaşma mühitində keçən görüşdə regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Kanada səfiri azərbaycanlı həmkarına maraqlı və səmərəli söhbətə görə təşəkkür edərək Azərbaycan və Kanada arasında münasibətlərin və əməkdaşlığın inkişafının davam edəcəyinə ümid etdiyini bildirib.

Görüşün sonunda səfir Sara Teylora Heydər Əliyev Fondu tərəfindən çap edilmiş "Qarabağ: işğaldan əvvəl və sonra" kitabı hədiyyə edilib.

Milli.Az


Etiketlər:  Polad Bülbüloğlu Kanadanın Rusiyadakı yeni səfiri ilə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ