Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 10:09
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanın daxili siyasətində uğurla həyata keçirilən multikulturalizm ideyası onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyini artırır.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti xalqımıza xas olan tolerant dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirir:
“Təsadüfi deyil ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünyada multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran ölkələrin sayı azdır. Hətta həmin ölkələr arasında belə bu siyasəti uğurla həyata keçirənlərin sayı daha azdır”.
E.Nəcəfov əlavə edib ki, Azərbaycan multikulturalizm siyasətini müvəffəqiyyətlə aparan ölkələrdəndir: "Respublikamızda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik və dini zəmində heç bir qarşıdurmanın olmamasını qeyd etmək olar".
PA rəsmisi qeyd edib ki, məhz bu xüsusiyyətlərinə görə müasir
dövrdə Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən
biri hesab olunur.
Onun sözlərinə görə, hazırda ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasətinin tərkib hissəsinə, mühüm
istiqamətinə çevirib: “Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq, ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına, nəticədə cəmiyyət daxilində inteqrasiya proseslərinin güclənməsinə səbəb olur. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün münbit zəmin yaradır. Yaxud əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətdə aqressivlik göstərməsinə, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına gətirib çıxarır. Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynadığını nəzərə alsaq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkəmizin xarici siyasətinə
müsbət təsir göstərdiyini və bunun nəticəsində dövlətimizin beynəlxalq aləmdə böyük uğurlara imza atdığını görərik. Əgər ölkə daxilində multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliyin, onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, dövlətlərarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə öz töhfəsini verir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin