Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 21:54
Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Dini Liderlərinin II sammitində iştirak etmək üçün Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdü.
XİN-dən Trend-ə verilən məlumata görə, Migel Anxel Moratinos ilk öncə “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medalı ilə təltif olunması münasibətilə təşəkkürünü bildirdi. O, Dünya Dini Liderlərinin II sammitinin uğurlu təşkilinə görə Azərbaycan hökumətini təbrik etdi.
Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırdı. Təmsil etdiyi qurumun terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsini qeyd edən M. A.Moratinos, bu istiqamətdə Azərbaycan təcrübəsinin vacib olduğunu vurğuladı.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirdi və Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayaraq Azərbaycanın bu xüsusda qurumla əməkdaşlığa hazır olduğunu bildirdi.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin