Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yıxıldım, ağzım qanla doldu...” - Əməkdar artist son məhəbbətindən danışdı - FOTOlar

“Yıxıldım, ağzım qanla doldu...” - Əməkdar artist son məhəbbətindən danışdı - FOTOlar

Tarix: 22 Fevral 2024 19:25

Tamaşaçılar onu illər öncə "Solğun çiçəklər" televiziya tamaşasındakı Sara obrazı ilə sevdi, illər keçsə də, unudulmadı. Yenə də səhnədədir, ən böyük sevgisinin yanında. Teatr onun ilk məhəbbətidir. Son məhəbbəti isə... Müsahibəni oxusanız son məhəbbətindən də xəbərdar olacaqsınız. 

Milli.Az bildirir ki, lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Mehriban Abdullayevadır

- Mehriban xanım, Sara roluna çəkiləndə tələbə idiniz?

- Yox institutu təzə bitirmişdim. O tamaşa 1987-ci il martın 22-də efirə gedib. 

- Müsahibəyə gəlməzdən öncə bir qədər araşdırma apardım, qarşıma sizin və həyat yoldaşınız, mərhum rejissor, Xalq artisti Ağakişi Kazımovun haqqında hazırlanmış bir proqram çıxdı. Söhbət zamanı Ağakişi müəllim dedi ki, siz ona aşiq olub yoldan çıxartmısınız. Kim kimi yoldan çıxarmışdı?

- (Gülür). Hə elə demişdi, mən də mat qalmışdım. Ömrünün son günləri idi. Xəstə idi həmin ərəfələrdə. Təbii ki, bu ilk mənim fikrim deyildi. Onunla tanış olanda mən tələbə idim. O mənim müəllimim olub, 50 yaşlarında olardı, ailəli idi. Sonra teatra gəldim və bizi burada rejissor-aktrisa münasibətləri, sənətə olan sevgi yaxınlaşdırdı.  Çox sonralar  dedi ki, səni elə görən kimi vurulmuşdum. Mən isə həmişə onun mehriban münasibətini sənətimə olan vurğunluğu kimi qəbul edirdim. Danışmasaq belə, bir birimizi başa düşürdük. Bu gün sənətdə nə qazanmışamsa, Ağakişi müəllimə borcluyam.

- Həmin ərəfələrdə o xanımından ayrılmışdı, yoxsa evliydi?

- Evliydi. Amma münasibətləri yaxşı deyildi xanımı ilə. O, ayrıldıqdan sonra biz ailə qurduq. Uşaqları və yoldaşı köçüb xaricə getdilər, tək qaldı. 20 il sonra ailə qurduq. 

- Siz ondan yaşda xeyli kiçik idiniz. Ailəniz bu evliliyə qarşı çıxmadı?

- Əvvəl narazılıq oldu. Amma biz evlənəndə artıq yaşım 40-ı keçmişdi. Bilirsinizmi, çox çalışdım ki, ayrı cür alınsın taleyim, amma qismət bu imiş. Yazıdan qaçmaq olmur.

- Övladları ilə münasibətiniz var?

-Bəli. Bir oğlu Almaniyada, biri İsraildədi. Ən böyük oğlu Bakıda yaşayır, ünsiyyətimiz var. Mən heç kimin ailəsini dağıtmamışam.

- Belə bir söz-söhbət gəzir ki, Mehriban xanımı Ağakişi müəllimlə münasibətləri məşhur edib və onun sayəsində siz vaxtilə teatrda hegemonluq eləmisiniz

- Boş söhbətdir. Mən özümü rollarımla sübut elədim. Belə söhbətləri ancaq paxıllar danışa bilərdilər. Ağakişi müəllim gözünün nuru olsa belə, istedadı olmayan adama güzəşt eləməzdi. Həm təkcə o yox, digər rejissorlar da mənimlə işləyir, rol verirdi axı. Nə qədər ki, özümü sübut eləməmişdim, məni belə söhbətlərlə əzməyə çalışırdılar.

- Deyirlər ərinizin böyük aktyor Yusif Vəliyevlə də problemləri olub, hətta Yusif Vəliyevin xanımı ərinin ölümündə Ağakişi müəllimi günahkar hesab edib

- Yusif Vəliyevlə uşaq tamaşalarına görə aralarında inciklik olmuşdu, bu hər yerdə olur. Onun xanımı gözlənilmədən bir verilişdə bu barədə danışmışdı. Ağakişi çox pis oldu. Deyirdilər Ağakişi Yusifə 9-cu mərtəbədən ev verdirib, kişi buna əsəbiləşib filan. Vallah, boş söhbətlərdir. Ağakişi müəllim böyük sənətkar idi, sənətkarın da qiymətini bilirdi.

- Ömrünüzü ona, onu qorumağa, qulluğunda dayanmağa həsr etdiniz. Özünüzü fədakar hesab edirsiniz?

- Fədakarammı, deyiləmmi bilmirəm. İçimdən gəlir deyə etdim. Peşman deyiləm Ömrünün son 5 ilini ağır xəstə oldu. Onu teatrdan uzaqlaşdırdılar, bu onda psixoloji pozuntular yaratdı. Üstəlik universitetdə işdən çıxardılar, bu da ağır gəldi və sonda insult vurdu.

- Niyə çıxardılar ki?

- Yaş söhbətinə görə. İndi o qədər yaşlılar var, işləyirlər. O teatrda böyümüşdü. 16 yaşından teatra bağlı idi, evindən qovulmuş kimi hiss edirdi, birdən-birə qanadlarını kəsdilər. Xəstəxanalarda qaldıq. Beynimdə ancaq bir şey var idi. Mən onu qorumalıyam sağaltmalıyam. O mənsiz bir gün də qalmırdı. Pandemiya dönəminə düşdü. Bütün gün birlikdə, evdə. Yaddaşını itirirdi, məndən başqa hamını unudurdu. Xəstəxanalarda olanda mütləq yanında mən olmalıydım, əlimi buraxmırdı. O ərəfələrdə anam da insult keçirdi. Mən onu buraxıb anamın yanına gedə bilmədim. Ürəyim yanırdı, amma gedə bilmirdim. Anamın ancaq dəfnində iştirak edə bildim. Ağakişi müəllim son nəfəsini də mənim yanımda verdi. Bir ilin içində ikisini də itirdim. Çox ağır stress yaşadım. Heç vaxt ölümü qəbul edə bilməmişəm. (Bu yerdə o kövrəlir və mən söhbəti dəyişməyə çalışıram).

-  Qax rayonunun Ləkit kəndində doğulub böyümüşdünüz. Aktyorluğa həvəs necə yarandı?

- Əslində aktrisa yox, həkim olmaq istəyirdim. Mənim anam mamaça idi, kənddə hamı onu ana deyib çağırırdı. 20 yaşdan 80 yaşa qədər mamaca olub. 60 il ərzində əlində bir dəfə xəta olmamışdı. Yüzlərlə uşaq ona nənə deyirdi.

- Amma sizin övladınız olmadı...

- Hə, çox müalicə etdik, alınmadı. Bütün sevgimi bacımın uşaqlarına, onların uşaqlarının uşaqlarına vermişəm. Bacı-qardaşlarım üçün yaşayıram. Nə olur mənə olsun, onlara olmasın, mən təkəm. Hə qayıdaq sualınıza.Yaxşı oxuyurdum, Tibb Universitetindən müsabiqəyə düşüb kəsildim, o biri ili kənddə bir qız var idi yoldan çıxardı məni, dedi gəl sənədlərimizi aktyorluğa verək. Aktyorluq nədir, necə olur bilmirdim, imtahan verdim, hamısından keçdim. Aktyorlar mənə çox böyük adamlar kimi gəlirdi uzaqdan. Onların arasında özümü sehirli dünyaya düşmüş kimi hiss eləyirdim. Ailəmiz də sevindi, beləcə gəldim sənətə. Çox utancaq idim, deyirdilər səndən artist olmaz. Amma səhnəyə çıxanda özümü unudurdum. Oda-alova dönürdüm. Səhnə ömürlük məhəbbətim oldu.

- Səhnədə ən yadınızda qalan, unutmadığınz hansı hadisə olub?

- Çox olub. Birini danışım. 1990-cı illər idi. Mikayıl Müşfiqlə bağlı tamaşa hazırlanmışdı, mən də Dilbəri oynayırdım. Premyera idi, çoxlu nüfuzlu qonaqlar, jurnalistlər dəvət olunub. Belə bir səhnə var idi, Dilbər dəli olur, qaranlıqda qaça-qaça səhnədəki pilləkənlərdən düşüb səhnənin önünə gəlməlidir. Səhnənin bitdiyi yeri düz hesablamayıb dayana bilmədim düz yıxıldım ön sıradakı tamaşaçıların ayağına. İşıq da mənim üstümə fokuslanıb. Ağzım ön oturacaqlardan birinə dəydi. Bir anda beynimdən milyon fikir keçdi. Elə bildim dişlərim töklüdü, qan götürdü məni. Bilmədim davam edim, səhnədən çıxım, ya nə edim. Özümü toplayıb səhnəyə qayıtdım. Əlimlə ağzımı tutmuşdum. Danışmağa qorxurdum. Tərəf müqabilim pıçıldadı ki, qorxma yaxşısan. Bir təhər başa vurub səhnədən çıxdım, ağlaya-ağlaya qaçdım qrim otağına. Tamaşadan sonra Ağakişi müəllim jurnalistlərlə gəldi otağıma, dedi "dəlidir də bu qız". Amma tamaşaçılar anlamamışdı ki, bu mizandır, yoxsa mən həqiqətən yıxılmışam. 

- Ötən il 60 illik yubileyiniz qeyd edildi. Səhnədə keçən 40 ildən sonra ən böyük arzunuz nədir?

- Tək arzum daim səhnədə olmaq, rollara çəkilməkdir. Fəxri ad insafları olsa, verərlər. Bu yerə cırmaqlaya-cırmaqlaya gəlmişəm, çox badalaq gələnlər, əngəl olanlar olub. Niyəsini bilmirəm, axı heç kimə pisliyim dəyməyib. Kiçiyə də, böyüyə də hörmətlə yanaşmışam. Bütün mehrimi teatra bağlamışam. Tək arzum rollar oynamadır. Geri baxınca düşünürəm ki, hər şey elə belə də olmalıymış. Bu da bir ömür idi, yaşandı.

Milli.Az


Etiketlər:  Yıxıldım ağzım qanla doldu Əməkdar artist son məhəbbətindən danışdı FOTOlar


RƏYLƏR