Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 11:20
Hər gün dünyanın sürətlə dəyişdiyinin şahid oluruq. Bir il ərzində o qədər hadisələr baş verir ki, ötən ilin martında müzakirə olunanlarla bu gün müzakirə etdiklərimiz arasında ciddi fərq nəzərə çarpır. Dünyada yeni qeyri-sabitlik və qarşıdurma ocaqlarının yarandığı bir dövrdə Bakı beynəlxalq məsələlərin həllinə öz tövhəsini verir. Belə ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Bu tədbirlərdən biri də məhz XI Qlobal Bakı Forumudur. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir.
Bu forumda xüsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanlar bir araya gələrək fikir mübadiləsi aparırlar. Forum bu şəxslərə mühüm məsələləri sərbəst şəkildə müzakirə etmək, fikir bildirmək imkanı yaradır.
44 günlük müharibədən sonra öz gücünü bir daha dünyaya nümayiş etdirən Azərbaycanda bu kimi tədbirlərin keçirilməsi birbaşa İlham Əliyevin nüfuzu, onun uğurlu siyasəti ilə bağlıdır. Dünən başlayan və bu gün də davam edən Forum sübut edir ki, Bakı bütün dünyanın diqqət mərkəzindədir. Cənubi Qafqaz regionuna sabitlik gətirən Azərbaycan düzgün siyasət yürütdüyünü bir daha isbatlayır. Prezidentə edilən təşəkkürlər, Azərbaycanın nüfuzunun günü-gündən artması bunu deməyə əsas verir.
Uğurlar bol olduqca, irəli getdikcə adamın ayağının altını qazan çox olur. Bu insanların timsalında ölkələrə də aiddir. Hansı ki, Azərbaycanın uğurlarını, güclənməsini həzm edə bilməyən qüvvələrin təxribatlarının tez-tez şahidi oluruq. Bu kimi təxribatların arxasında dayanan əsas ölkə Fransadır. Makronun başçılıq etdiyi bu ölkə Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirib və hələ də buna davam edir.
Ölkə başçısı ötən gün çıxışında qeyd edib ki, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat olub: "Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni, etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi".
Prezident daha sonra Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində Natəvanın heykəli vandalizmə məruz qalmasından danışıb. Təssüf hissi keçirdiyini qeyd edən ölkə başçısı həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirib. Ölkə başçısı bunun ikili standartların göstəricisi olduğunu vurğulayıb. O, bildirib ki, Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.
Daha sonra digər iştirakçıların çıxışları dinlənilib. Forumda dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulub. Bu gün isə Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib rola malik Qlobal Bakı Forumunun ikinci günüdür. Bu gün "Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?", "Həyatımızın maliyyələşdirilməsi: iqlim ədaləti" , "Hamı üçün sağlamlıq", " Regional hərbi və iqtisadi birliklərin rolu" adlı dörd panel iclası keçiriləcək. Panel iclasları ilə yanaşı, BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis'in və Türkiyənin xarici işlər naziri Hakan Fidanın forum iştirakçılarına müraciəti gözlənilir.
İslam