Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 09:36
Bakı. Samir Əli - Trend:
Bu gün saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Trend-ə bildirilib.
Onun sözlərinə görə, fasilələr həmin rayonda əhalinin istiliklə təchizatı üçün görüləcək vacib işlərin icrası ilə əlaqədardır. Belə ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.
Həmçinin məlumata görə, Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.
Bu işin icrası üçün bu gün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin