Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Tarix: 23 Aprel 2024 21:46

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus 4 kəndin geri qaytarılması reallığını anlamasının səbəblərindən biri növbəti müharibədə məğlub olacağını anlamasıdırsa, digər səbəbi İkinci Qarabağ müharibəsindən sonra ordudakı islahatları sürətləndirə bilməməsidir. Ermənistan hökuməti ordu islahatlarının ümumi konsepsiyasını hələ formalaşdıra bilməyib. Ermənistan ordusu yerində sayarkən, Azərbaycan Ordusu modernləşir, Silahlı Qüvvələrin yeni qoşun növləri formalaşır, Türkiyə standartları mənimsənilir və alınan yeni hərbi texnika ilə zənginləşir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd edilib ki, Ermənistanın hərbi xərcləri 4.1 faizdən 5.5 faizə qədər artırılıb:

"Əgər Ermənistan 2022-ci ildə hərbi xərclərə büdcədən 795 milyon dollar ayırmışdısa, 2023-cü ildə bu rəqəm 1 milyard 330 milyon dollara çatıb. Ancaq erməni ekspertləri artan rəqəmin ordunun ehtiyaclarını ödəmədiyi qənaətindədirlər. Həmin ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin Fransa və Hindistandan aldığı silahlar ordunun hərbi texnikaya olan ehtiyacının çox cüzi hissəsini təmin edir və alınan hərbi texnika ümumi konsepsiyanın tərkib hissəsi deyil. Yəni Fransa və Hindistan Ermənistana nə təklif edirlərsə, İrəvan onları alır. Başqa sözlə, Ermənistan istədiyini deyil, təklif ediləni almaq məcburiyyətindədir. Halbuki Ermənistan ordusu üçün müxtəlif dövlətlərdən alınan eyni adlı hərbi texnikanın bir-biri ilə inteqrasiyası da ciddi suallar doğurur.

Baş nazir Nikol Paşinyan mövcud durumu dəyişmək iqtidarında deyil, o zamanla mübarizə aparır. Paşinyan növbəti müharibənin Ermənistan ordusundakı çatışmazlıqları bir daha üzə çıxaracağı qənaətindədir. Paşinyan İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Ermənistanın keçmiş rəhbərlərinin yarıtmaz fəaliyyəti ilə əlaqələndirmişdi. Paşinyan məhz keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın ordu üçün gərəkli hərbi texnika almadığını, alınanların isə işə yaramadığını vurğulamışdı. Müharibədən 3 il yarım zaman keçib və Paşinyan bundan sonra ordudakı vəziyyətə görə artıq keçmiş rəhbərliyi ittiham edə bilməz. Ermənistan Rusiyadan silah və hərbi texnika alışını xeyli dərəcədə azaldıb. Paşinyan silahı və hərbi texnikanı Rusiyanın əvəzinə Qərb ölkələrindən alacağına ümid edirdi. Ancaq Fransanın xaricində Qərb ölkələrindən Ermənistana hələ ki, silah və hərbi texnika satan yoxdur. Digər tərəfdən Ermənistan hökuməti hərbi xərcləri artırarkən sosial xərcləri azaltmaq məcburiyyətində qalacaq. Bu isə Ermənistanda narazılığın artmasına səbəb olacaq. Ona görə də bu vəziyyətdən yeganə çıxış yolu İrəvanın Bakı ilə dialoqu genişləndirməsi və razılaşmaların sayını artırmasıdır. Ermənistanın Azərbaycanla sülh əldə etməsi qonşu ölkənin onsuz da kasad olan büdcəsinin hərbi xərclərini artırmaqdan xilas edə bilər".

Milli.Az


Etiketlər:  Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ