Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 03:10
Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə “İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.
Qeyd edib ki, həmin sənədlər Nəsiminin şəxsiyyətinə, irsinə verilən yüksək dəyərin göstəricisidir və sənətkarın həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına imkan açır.
Ümummilli lider Heydər Əliyevin İmadəddin Nəsimi yaradıcılığına xüsusi önəm verdiyini vurğulayan akademik Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun tədbirləri siyahısına daxil edildiyini deyib. Bildirilib ki, dahi rəhbər Heydər Əliyevin qayğısı nəticəsində böyük şairin əsərləri geniş şəkildə tədqiq və təbliğ olunub.
Nəsiminin zəngin yaradıcılığından bəhs edən akademik İsa Həbibbəyli qeyd edib ki, böyük şair Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli sənətkarlar sırasında özünəməxsus yer tutur. Nəsimi ümumşərq miqyasında görkəmli şair kimi tanınan və qəbul olunan sənətkardır. O, Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır. Nəsiminin şeirlərində kamil insan olmağa qüvvətli çağırışlar olub. Şair kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf edib.
Akademik İsa Həbibbəyli respublikamızda və xarici ölkələrdə böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlərin keçirildiyini bildirib.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə İmadəddin Nəsiminin istər ədəbiyyat, istərsə də fəlsəfə sahəsində əvəzsiz zəngin irs qoyduğunu qeyd edib. O bildirib ki, hürufilik Nəsimi tərəfindən nəinki Azərbaycanda, eləcə də Şərqdə geniş yayılıb və bunun sayəsində şair Misir, İraq, İran və Anadoluda ən tanınmış simalardan birinə çevrilib.
Alim ümummilli lider Heydər Əliyevin İmadəddin Nəsimi yaradıcılığına böyük diqqət göstərdiyini deyib.
İlham Məmmədzadə Nəsiminin dərin məntiqi və fəlsəfi baxışlarının dünyanın qabaqcıl alimlərinin həmişə diqqət mərkəzində olduğunu da vurğulayıb.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Azərbaycan-UNESKO əlaqələrindən danışıb, bu əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb. Elnur Sultanov Nəsimi irsinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Nəsimi irsi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətindən danışıb.
Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva bildirib ki, Nəsimi öz yaradıcılığı ilə insanı ən ali həqiqət kimi ucaldıb, dövrün hökmdar və şairlərini öz təsiri altına salmağı bacarıb. Şairin hələ 14-cü əsrdə humanizm ideyalarını dünyaya təbliğ etməyə başladığını və Balkanlardan Hindistana kimi bir çox xalqların inkişafına zəmin yaratdığını, mərdlik və cəsarət simvoluna çevrildiyini söyləyib. Vurğulayıb ki, Nəsimi şəxsiyyətinə qiymət hələ SSRİ dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib və 1973-cü ildə şairin 600 illik yubileyi UNESKO səviyyəsində qeyd olunub, mədəniyyətin bütün sahələrində Nəsimiyə həsr olunan şedevr əsərlər yaradılıb.
Sevda Məmmədəliyeva həmçinin Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Nəsimi irsinin öyrənilməsinin yeni müstəviyə çıxdığını bildirərək, Mədəniyyət Nazirliyinin 2019-cu ildə həyata keçirdiyi silsilə tədbirlərdən danışıb. UNESKO-nun Dünya İrs Komitəsinin cari ildə Bakıda keçirilən 43-cü sessiyasının açılış mərasimində əslən azərbaycanlı, dünya şöhrətli müğənni Sami Yusufun ifa etdiyi, Nəsiminin məşhur “Sığmazam” qəzəlinə bəstələnmiş kompozisiyanın cəmiyyətimizdə olduğu kimi bütün dünyada rəğbətlə qarşılandığı qeyd edib.
Nazir müavini həmçinin sentyabr ayında ikinci dəfə keçirilən "Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı"nın əhəmiyyətini vurğulayıb. Cari ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kiçik planetlərdən birinə böyük Nəsiminin adının verildiyi bildirilib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross öz ölkəsi ilə Azərbaycan əlaqələrinin əhəmiyyətini diqqətə çatdırıb. O, Nəsimi yaradıcılığının ümumbəşəri dəyərlərindən bəhs edib.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, Nəsimi klassik Azərbaycan poeziyasına mühüm yeniliklər gətirmiş böyük söz ustadıdır. Alim böyük sənətkar Nəsiminin ölməz əsərlərinin əhəmiyyətindən danışıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə məsləhətçisi İrfan Çiftçi qeyd edib ki, İmadəddin Nəsimi həqiqət tərəfdarı idi. Onun yaradıcılığında insana sevgi, məhəbbət duyğuları əsas yer tutur.
Sonra Azərbaycan və digər ölkələrdən olan alimlərin “İmaməddin Nəsimi şəxsiyyətinin və fəlsəfəsinin özəllikləri”, “Nəsimi sirrinə bir baxış”, və digər mövzularda məruzələri dinlənilib.
Konfransın materialları "Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər" kitabında toplanaraq çap olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin