Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2024 08:26
NATO-nun Baş katibi Yens Stoltenberq alyansın nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsinin müzakirə edildiyini bildirib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Stoltenberq "The Telegraph"a müsahibəsində söyləyib.
Onun fikrincə, blok düşmənlərinə birbaşa ismarış vermək üçün öz nüvə arsenalını dünyaya göstərməlidir. Baş katib qeyd edib ki, raketlərin anbardan çıxarılması və çəkindirmə vasitəsi kimi döyüşə hazır vəziyyətə gətirilməsi haqqında alyans üzvləri arasında məsləhətləşmələr aparılır.
"Mən nə qədər nüvə başlığının işlək olması və neçəsinin anbarda olması barədə operativ təfərrüatlara varmayacağam, lakin biz bu məsələlərlə bağlı məsləhətləşməliyik. Bizim etdiyimiz də budur", - o vurğulayıb.
Stoltenberqin sözlərinə görə, nüvə şəffaflığı NATO-nun alyansı "daha təhlükəli dünya" adlandırdığı şeyə hazırlamaq üçün nüvə strategiyasının təməl daşı olmalıdır.
Nəşr xatırladıb ki, 10 il öncə Stoltenberq blokun rəhbərliyinə keçərkən nüvə təlimləri tam məxfi şəraitdə həyata keçirilirdi.
O, indi açıq şəkildə 32 müttəfiqi çəkindirməyə verdikləri töhfələrə görə, o cümlədən Niderlandı Amerika nüvə silahlarını daşıya bilən ikitəyinatlı qırıcılara son sərmayəsinə görə tərifləyib.
Baş katibin fikrincə, şəffaflıq blokun "nüvə ittifaqı olduğuna dair aydın ismarış göndərməyə kömək edir".
"NATO-nun məqsədi, sözsüz ki, nüvə silahı olmayan dünyadır, ancaq nüvə silahı mövcud olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya daha təhlükəlidir", - Stoltenberq vurğulayıb.
O, Çinin özəlliklə çağdaş silahlara, o cümlədən 2030-cu ilə qədər 1 000 döyüş başlığına çatacağını söylədiyi nüvə arsenalına böyük sərmayə qoyduğunu dair xəbərdarlıq edib:
"Bu isə o deməkdir ki, çox da uzaq olmayan gələcəkdə NATO indiyədək heç vaxt qarşılaşmadığı bir şeylə, yəni nüvə silahına malik iki potensial rəqiblə - Çin və Rusiya ilə üz-üzə gələ bilər. Təbii ki, bunun nəticələri olacaq".
Nəşr qeyd edib ki, Stoltenberq bu bəyanatları G7 qrupunun keçən həftə Pekini Moskvaya hərbi texnologiya tədarükünü dayandırmağa çağırdığı və Çinin Sakit okean regionunda "militarizasiyasına" qarşı çıxdığı kommünikesində Çin və Rusiyanı kəskin tənqid etməsi fonunda verib.
ABŞ və Böyük Britaniya nüvə çəkindirməsi qüvvələrini NATO-ya ötürüb, digər Avropa müttəfiqləri isə silahları öz torpaqlarında saxlamaqla və onları işə salmaq üçün sistemlərə sərmayə qoymaqla məsuliyyət yükünü bölüşürlər.
Operativ nüvə başlıqlarının sayı məxfi saxlanılır, lakin Böyük Britaniyada istənilən vaxt yerləşdirilə bilən 225-dən 40-a yaxın olduğu təxmin edilir. ABŞ-də 3 700 vahiddən təxminən 1 700-ü hazır vəziyyətə gətirilə bilər.
Alyansın üçüncü nüvə ölkəsi olan Fransa isə öz nüvə arsenalını NATO-ya təqdim etmir, çünki artıq uzun müddətdir ki, çəkindirmə məsələlərində müstəqilliyi qorumağa qərar verib.
Stoltenberq qeyd edib ki, ABŞ və onun avropalı müttəfiqləri Rusiyadan qaynaqlanan artan təhlükə qarşısında öz nüvə çəkindirmə qüvvələrini müasirləşdirirlər:
"ABŞ Avropadakı nüvə başlıqları üçün qravitasiya bombalarını təkmilləşdirir, Avropalı müttəfiqlər isə NATO-nun nüvə missiyasına həsr olunacaq təyyarələri təkmilləşdirir".
NATO-nun Baş katibi nə qədər döyüş başlığının anbardan çıxarılması və hazır vəziyyətə salınması ilə bağlı mülahizələrdən imtina edib, lakin bu məsələ ilə bağlı real vaxt rejimində məsləhətləşmələrin aparıldığına diqqət çəkib.
"Reallıq ondan ibarətdir ki, hamımız soyuq müharibənin bitməsi ilə gərginlik azaldıqda müdafiə xərclərini ixtisar etdik. İndi isə gərginlik yenidən artdığı üçün biz müdafiə xərclərini artırmalıyıq. Mən 10 il baş nazir olmuşam və bilirəm ki, müdafiə üçün pul tapmaq çətindir, çünki əksər siyasətçilər həmişə səhiyyə, təhsil, infrastruktur və digər mühüm işlərə pul xərcləməyə üstünlük verirlər", - o vurğulayıb.