Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 15:16
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orqan alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Rauf Şirəliyev bildirib ki, V.Xudadatovdan heç bir şikayət və tələbi yoxdur: "Bu işdə onun heç bir günahı yoxdur. Böyrəyimi maddi sıxıntı səbəbindən könüllü satmışam, heç kim məni heç nəyə məcbur etməyib. Çox adama borcum yaranmışdı, kirayə pulunu ödəyə bilmirdim. 2016-cı ildən özümə kiçik bir ev tikmək istəsəm də, başa çatdıra bilmirdim. İş axtarmaq məqsədilə internetdə elanlara baxanda gördüm ki, böyrək donoru axtaranlar var. Elanın altında yerləşdirilən telefon nömrəsinə zəng elədim. Cavab verən adam dedi ki, qohumu üçün böyrək axtarır. Mən də böyrəyimi satmaq istədiyimi dedim. Telefonla danışdığım adam da məni bunun üçün Bakıya çağırdı. Vahib mənə özünü Sahib kimi təqdim etdi. Əvvəlcə böyrəyimi 15 minə satmaq istədiyimi dedim, amma qarşı tərəf razılaşmadı. O dedi ki, camaat bu qiymətə ciyər, ürək alır. Böyrəyə görə heç kim 8 mindən yuxarı pul verməz. Mən də 8 minə razılaşdım”.
Məhkəmədə dindirilən digər zərərçəkmiş Cavidan Hüseynov da şikayətçi olmadığını, böyrəyini öz istəyilə satdığını, böyrəyinə görə 10 min 500 manat pul aldığınıd eyib.
İttihama görə, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər. Cinayət işində 27 zərərçəkmiş var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin