Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 14:44
Yanacağın qiymətinin artması maşın bazarında vəziyyəti dəyişib. Belə ki, alıcılar arasında elektrikli avtomobilə maraq artıb.
Mövzu ilə bağlı redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, elektriklə idarə olunan maşınlar həm sərfəlidir, həm də ətraf mühiti digər avtomobillərlə müqayisədə az çirkləndirir.
"Dünya elektrikli avtomobil sisteminə keçir deyə, istər işlənmiş, istərsə də yeni bu avtomobildən istifadə edənlərin sayı artıb. Dünyada bu tendensiya gedir. Şübhəsiz ki, insanlar benzinin qiymətinin daha da artacağını düşünür. Belə olduğu halda elektrikdən istifadə daha sərfəlidir. Bu avtomobillər yeni olduğu üçün ikinci əl satışına çox az rast gəlinir."
Ekspert yanacağın qiymətinin artmasının maşınlara çox təsir etmədiyini açıqladı:
"Dizelin qiyməti 20, benzinin qiyməti 10 qəpik qalxdı. Bu, o qədər də ciddi artım deyil. Yəni bunun bazara böyük təsiri yoxdur. Amma yenə də gözlənilən odur ki, bu qiymət artımı hibrid elektrikli avtomobillərin dövriyyəsinə, onların çoxalmasına, istifadəsinin çoxalmasına müsbət təsir göstərəcək".
Y. Mustafayev onu da qeyd etdi ki, bazara üz tutanların sayında da çox dəyişiklik müşahidə olunmur.