Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2024 16:26
"Medalımı Azərbaycan xalqına həsr edirəm. Çox sevindirici haldır ki, dünya rekordunu yeniliyərək Paralimpiya çempionu oldum".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva bildirib.
4 qat dünya çempionumuz paralimpiyaöncəki hazırlığından da bəhs edib. Onun sözlərinə görə, məşqləri bu yarışdan əvvəl bir az yaxşı davam etməyib: "Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir".
Paratletimiz eyni zamanda idmana və paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, Vəliyeva 5 sentyabrda T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış üzrə yarışda da qüvvəsini sınayacaq. Təsnifat qaçışı Bakı vaxtı ilə saat 23:31-də start götürəcək.
Qeyd edək ki, Lamiyə Vəliyeva dünən axşam Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub.