Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2024 11:40
2025-ci ilin dövlət büdcəsinin gəlirləri 36 milyard 636 milyon manat olacaq. Bu da 2024-cü ildə təsdiq olunmuş göstərici ilə müqayisədə 228 milyon manat çoxdur. Yəni əvvəlki illə müqayisədə gəlirlər 0,6 faiz artacaq. 2023-cü ilin faktiki gəlirləri ilə müqayisədə isə 3,6 faiz artım var.
Sonxeber.net bildirir ki, bu sözləri Axar.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov 2025-ci il üçün proqnozlaşdırılan büdcəni şərh edərkən deyib.
O, büdcə gəlirlərində qeyri-neft sektorunun payının artmasına diqqət çəkib:
"2025-ci ildə büdcə gəlirlərinin 54 faizi, 19 milyard 543 milyon manat vəsait qeyri-neft və qaz sektorunun payına düşəcək. Bu da qeyri-neft sektorunun büdcədə payının 2024-cü illə müqayisədə artması anlamına gəlir. Bu, pozitiv məqamdır. Çünki büdcə gəlirlərində qeyri-neft sektorunun gəlirlərinin artırılması əsas prioritetlərdəndir.
2025-ci ilin büdcəsinin xərcləri isə 39 milyon 667 milyon manat olacaq. Nəzərə almaq lazımdır ki, büdcə xərclərinin 63 faizi cari xərclərə yönləndiriləcək. Burada diqqət çəkən məqamlardan biri sosial müdafiə və sosial təminat xərclərinin 5 milyard manata yaxın proqnozlaşdırılması, 2024-cü il ilə müqayisədə 14 faiz artımın nəzərdə tutulmasıdır. 2025-ci ildə sosial istiqamətə daha çox vəsaitin ayrılması anlamına gəlir".
Büdcə kəsrinin 2025-ci ildə 3 milyard 51 milyon manat nəzərdə tutulduğunu xatırladan iqtisadçı bildirib ki, bu rəqəmin dəyişməməsinin səbəbi kəsirin daxili borclanma hesabına ödənilməsidir:
"Yəni istiqrazların, eləcə də qiymətli kağızların dövriyyəyə buraxılması nəticəsində büdcə kəsirinin bağlanması həyata keçirilir. Bu da təbii ki, bir tərəfdən istiqrazların milli valyuta ilə olmasına, digər tərəfdən onun ödənilməsinin mərhələli həyata keçirildiyinə görə dövlət büdcəsi, bütövlükdə iqtisadiyyat üçün xüsusi bir yük yaratmır. Ümumiyyətlə daxili borclanma xarici borclanma ilə müqayisədə məqbul hesab olunur və büdcə kəsirinin örtülməsi də daha çox daxili borclanma hesabına həyata keçirildiyi üçün məbləğdə dəyişikliklər baş verməyib".