Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 09:36
Bakı. Trend:
Azərbaycan həm enerji baxımından, həm də iqtisadi baxımdan TANAP-ın istifadəyə verilməsindən böyük fayda əldə edəcəkdir.
Bunu Trend-ə tanınmış ukraynalı ekspert-iqtisadçı Aleksandr Oxrimenko deyib.
Ukraynalı ekspertin fikrincə bu layihə , eyni zamanda, Azərbaycanın regionda və dünyada strateji əhəmiyyətini ciddi şəkildə gücləndirəcəkdir.
Ekspert deyib: "Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) reallaşması Azərbaycan, Türkiyə və Avropanın enerji və strateji maraqlarına cavab verir. Şübhəsiz ki, bu, Avropanın Azərbaycana marağını artırır. Azərbaycan Avropa Birliyi üçün yalnız enerji mənbələri tədarükçüsü kimi deyil, həm də Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış edən bir ölkədir. Bu, əsasən, regionda və dünyada həyata keçirilən balanslı xarici siyasət sayəsində Azərbaycanın özünü etibarlı strateji, ticarət və iqtisadi tərəfdaş və genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün ciddi müttəfiq kimi tanıtdırmasıdır".
Onun sözlərinə görə, Azərbaycan bölgənin və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə 1990-cı illərin ortalarında, ölkənin enerji strategiyasının başlanğıcının təyin olunduğu vaxta qoyulub.
A.Oxrimenko qeyd edib: "Bu gün bölgənin enerji xəritəsinin dəyişdiyini görürük və bu dəyişiklikdə əsas rol oynayan Azərbaycandır. Ötən əsrin 90-cı illərinin ortalarında iki siyasi qərarın qəbul edilməsi, ölkənin neft və qaz siyasətinin formalaşmasında vacib rol oynayıb. 20 sentyabr 1994-cü ildə dünyanın 8 ölkəsindən 12 şirkətlə "Əsrin Müqaviləsi" nin imzalanması Azərbaycanda yeni neft strategiyasının başlanğıcı olub. Bu strategiyanın davamı olaraq, 6 iyun 1996-cı ildə Şahdəniz qaz yatağının işlənməsi üçün müqavilənin imzalanmasınında bölgənin enerji təhlükəsizliyində mühüm rolu olub. Buna görə bu gün Azərbaycanın qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində əsas rol oynadığına inanmaq üçün bütün əsaslar var".
Qeyd edək ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
"Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir. Bundan 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya çatdırılacaq. TAP tamamlandıqdan sonra qaz 2020-ci ilin əvvəllərində Avropaya axmağa başlayacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin