Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

QAİ-dən ABŞ-yə yeni tələb

QAİ-dən ABŞ-yə yeni tələb

Tarix: 4 Oktyabr 2024 11:36

Qərbi Azərbaycan İcması (QAİ) ABŞ-nin regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı tələb edir.

Sonxeber.net xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə etmişdir.

"Konqresmenlər Azərbaycanın COP29-a ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışırlar. Bu, açıq-aşkar şantajdır", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar konvensiyaya tərəf dövlətlərin yekdilliklə dəstəklədiyi qərardır:

"Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun ümumbəşəri problemlərin həllinə verdiyi töhfədir. Konqresmenlərin sözügedən COP29 məsələsindən şantaj vasitəsi kimi istifadə cəhdləri təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib. Şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşı nifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliklərini, o cümlədən, bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına biganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubu və məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasına şübhə yeri qoymur".

İcma yaydığı bəyanatda ABŞ-dən Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb etdiyini vurğulayıb.


Etiketlər:  QAİ dən ABŞ yeni tələb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ