Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 11:10
Ötən gün Bakıda "Shirley Valentine" adlı monotamaşasını başa vuran, Türkiyənin məşhur aktrisası Sumru Yavrucuk jurnalistlərin suallarını cavablandırıb.
Sonxeber.net bildirir ki, olay-ın əldə etdiyi məlumata görə, səhnəyə çıxmazdan öncə media nümayəndələri ilə həmsöhbət olan sənətçi Bakıya birinci dəfədir gəldiyini deyib:
"Bakıya birinci dəfədir gəlirəm. Bir az gecikmiş səfərdir. Kaş, daha əvvəl gələ bilsəydim. Amma təsadüflə oldu. Hüseyn Cavadzadə tamaşamı izlədi, bəyəndi. Dedi ki, mütləq Azərbaycan xalqı bu tamaşanı izləməlidir.
Sonra sağ olsun səfərbər oldu və bu görüşümüz baş tutdu. Neçə gündür sağ olsunlar gəzdirirlər, yedirirlər, içirirlər. Hər anı çox gözəl keçdi. Maraqlı məkanlara getdik, original yerlər gördük. Gündüzünü də gecəsini də ləzzətli şəkildə dəyərləndirdik. Azərbaycanın köklü sənət tarixi var. Çox dəyərli sənətkarlar yetişdirib. Mən də onlardan birinə aşiq idim... Rəşid Behbudova. Möhtəşəm bir səsdir. O, mənə çox ilham verib. Onun oynadığı "Arşın mal alan"ı, operattaları konservatoriyada öyrənmişdim".
S. Yavrucuk deyib ki, mərhum Xalq artisti Niyazi Hacıbəyli ilə söhbət etmək fürsəti olub:
"Niyazi çox böyük şef idi. Hələ də gördüyüm ən mühüm şeflərdən biridir. İlk dəfə Atatürk Kültür Mərkəzində Dövlət Opera və Baletinin şefliyini edərkən izləmişdim. Həqiqətən çox fərqli, istedadlı, bilikli musiqiçi, mühüm şef idi. Onunla da söhbət etmək imkanı əldə etmişdim. Türkiyədə də çox sevilirdi".
Tamaşasından bir gün əvvəl Azərbaycan Dövlət Akademik Milli dram Teatrında "İblis və ..."ni izləyən sənətçi təəssüratlarını bölüşüb:
"Bütün sənətçilərin əllərinə, əməklərinə sağlıq. Mütləq gedin izləyin. Çox təsirli, uğurlu tamaşa idi".
İdmançı ailəsində böyüyən S. Yavrucuk gəncliyində bu sahədə də özünü sınadığını bildirib:
"Mən gəncliyimdə "Galatasaray" voleybol komandasında oynadım. Daha sonra sənət, konservatoriya odu ürəyimə düşdü. Çox erkən yaşda konservatoriyaya başladım. O vaxtlarda müəllimlərim voleybol gərgin bir idman növü olduğu üçün səs tellərimin zərər görməsini istəmədilər. Ona görə ikisindən birini seçməliydim. Zatən voleybolda da çox parlaq gələcəyim olmazdı. Onun üçün teatrı seçdim. 1982-ci ildən bəri peşəkar olaraq aktrisalıqla məşğulam. İstedad çox vacibdir. Amma mən daha çox uğurumu çalışmağa borcluyam".
Aktrisaların estetik əməliyyatlara üz tutmasından danışan sənətçi bunları söyləyib:
"Dünyada belədir. Məsələn, şəkil çəkdiririk. Məndə fotoşop, filter yoxdur. Amma hamıda var. Həqiqətən cəmiyyəti gözəl olmağa, qəlibə soxmağa çalışan sistem var. Bu da makiyaj məhsulları, geyim satmaq üçündür. Bu sistem mənə tərs gəlir. Hər kəs özünə aiddir gözəldir. Özü üçün gözəldir, başqası üçün yox. Sanki elə bir basqı var ki, burnu belə olsa, daha yaxşıdır və sairə. İnanıram ki, ən gözəl şey təbiilikdir. Bir sənətçi də öz istedadı ilə var olmalıdır".
Son olaraq "Şahane hayatım"da rol alan aktrisa yeni layihələrindən söz açıb:
"Yeni serial layihəm yoxdur. Amma hazırda danışıqlar aparılır. Bəlkə sürpriz edərəm. Mart-aprel ayında bir film çəkmişdik. Onun premyerası gözlənilir. Adı da "Çaplin 4-lüsü"dür".
S. Yavrucuk sözügedən ekran işində birgə yol aldığı azərbaycanlı aktrisa Nəsrin Cavadzadədən də danışıb:
"Bəli, Nəsrin Cavadzadə çox ağıllı, istedadlıdır. Hə, Aysel mami... (gülür). Onunla birgə çalışmağı çox sevirəm. Təbii ki, Azərbaycan dilini də çox yaxşı bilirəm. Ay xala, bilmərəmmi?".
Son olaraq teatrın heç vaxt ölməyəcəyini deyən sənətçi öz tamaşasından bəhs edib:
"Teatrın ölməsindən söhbət gedə bilməz. Dünya qurulduğundan bəri var olan sənətdir. Ona görə teatrın öləcəyini düşünmürəm. "Shirley Valantine" dünya teatr tarixinin qadın monotamaşalarından biridir.
Uzun illərdir də mən bu oyunu oynayıram. Tamaşamız iki pərdədən ibarətdir. Özünü evə qabatmış, həbs etmiş, uşaqlarını böyütmüş bir qadındır. Bir müddət sonra özü ilə hesablaşır və itirdiyi vaxtı qaytarmağa çalışır. Bunun zaman-zaman dramatik, zaman-zaman komik anlarından bəhs edir".