Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 09:42
Bakı. Ləman Zeynalova - Trend:
Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə qaz idxalı həcminin 2020-ci ilin iyunundan sonra planlaşdırılan 6 milyard kubmetrədək çatacağı gözlənilir.
Bunu Trend-ə “SOCAR Turkey Energy” şirkətinin Xarici əlaqələr şöbəsinin rəhbəri Murat Lekompte deyib.
O qeyd edib ki, TANAP birinci mərhələdə ildə 16 milyard kubmetr qaz nəql edəcək:
“Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya tədarük ediləcək”.
Onun sözlərinə görə, boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin əlavə investisiyalar sayəsində 31 milyard kubmetrədək artırılması imkanı var:
“Yaxın illərdə Azərbaycan ölkənin digər qaz yataqlarındakı əlavə hasilat sayəsində Cənub-Şərqi Avropa ölkələri üçün vacib qaz tədarükçüsünə çevriləcək”.
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin