Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2025 23:36
"Qarabağ"ın əfsanə futbolçularından sayılan Riçard Almeydanın gedişi gözlənilməz alındı.
Əslində, 35 yaşlı futbolçunun ayrılığına şübhə yox idi. Artıq əvvəlki idman formasında deyildi və hədəfləri yüksək olan komandada yaş özünü göstərirdi.
Gözlənilməz olan millimizin sabiq üzvüvüv mövsümün sonunu gözləmədən çantalarını yığması oldu. Ağdamlılarla müqaviləsinin müddəti bu ilin iyununda bitəcək. Lakin gözləmədi, erkən ayrılığa qərar verdi.
Sportinfo.az xəbər verir ki, Riçardın Braziliyaya qayıdıb "Primavera" ilə müqavilə bağlamasına keçmiş komanda yoldaşı vasitəçilik edib.
Kimdir o şəxs?
Sabiq "Qarabağ"lı ilə həmyaşıd olan, vaxtilə onunla Portuqaliya "Jil Visente"sində çiyin-çiyinə çıxış edən, Türkiyə Super Liqasında "Başakşehir"in heyətində 158 matçda meydana çıxan, Bundesliqa həyəcanını "Şalke 04"də yaşayan Junior Kaysara.
Braziliyanı 2010-cu ildə tərk edib, 13 illik Avropa macərasından sonra vətəninə qayıdan Kaysara bu ilin yanvarından "Primavera"nın şərəfini qoruyur.
Riçard haqda məlumatı klub rəsmilərinə məhz o verib və keçidin baş tutmasında yaxından iştirak edib.
2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"ın formasını geyinən Riçard 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib.
9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.