Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2025 00:40
"Qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib. Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər bareli 61 dollara təklif edilən "Brent" markalı neft son 3 ayda 31.0 faiz, son bir həftədə isə 20.0 faiz dəyər itirib. Hazırda neftin qiyməti COVID-19 pandemiyasından sonra ən aşağı səviyyədədir".
Sonxeber.net xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat "qara qızılın" qiyməti ilə bağlı proqnozların kifayət qədər bədbin olduğunu deyib:
"ABŞ-nin qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb. "Goldman Sachs" təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər.
Neftin qiymətinin azalmasına Azərbaycana təsirlərinə gəldikdə isə, ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. O baxımdan mövcud qiymətlər Azərbaycan üçün də arzuolunan deyil. Sözsüz ki, neftin dünya bazar qiymətinə qısamüddətli deyil, eyni zamanda, uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir.
Aşağı neft qiymətlərinin sosial ödənişlərə təsirlərinə gəldikdə isə sosial xərclərlə bağlı hər hansı azalma gözlənilmir. Büdcə xərclərində sosial ödənişlərin payı 41.0 faizdir. Büdcənin qeyri-neft gəlirləri 51.0 faizdir. Fiskal neft gəlirlərimizin əhəmiyyətli hissəsini təşkil edən Dövlət Neft Fondunun büdcə transfertəri 2025-ci ildə 14 milyard 481 milyon manat nəzərdə tutulub. Neft fondunun aktivlərinin 60.0 milyard dollardan çox olduğunu nəzərə alsaq büdcə transfertləri üçün hər hansı çətinliyin olmaması aydınlaşır. Bu da bütün sosial layihələrin vaxtında maliyəlləşdirməsinə imkan verir. Bu baxımdan, neftin aşağı qiymətləri 2025-ci ildə sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır".