Tarix: 11 May 2019 18:20
Azərbaycan Premyer Liqasının 28-ci turunda evə “Keşlə”yə 1:4 hesabı ilə məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- İlk növbədə “Səbail” ailəsi, azarkeşlərimizi təbrik edirəm. Çempionatboyu əzmkar komanda gördük. Düşünürəm ki, “Səbail” çempionata rəng qatmağı bacardı. Son 2 turda məğlub olmağımız motivasiya ilə bağlıdır. Yenə də istəyirdik ki, çempionatı pozitiv notda başa vuraq. Ancaq həvəsdən düşmürük. Çünki qarşıda bizi Avropa Liqası gözləyir. Çox işimiz var. İndi ancaq futbolçuları təbrik etmək istəyirəm. Ən böyük pay sahibi onlardır.
- Heyəti neçə faiz qoruya biləcəksiniz?
- İndi bu suala cavab verə bilmirəm. Yalnız yerli uşaqlardan bu cavabı ala bilmişik. Elələri də var ki, cavab verməyiblər. Bizim də gözləmək vaxtımız yoxdur.
- Son tarix nə vaxtdır?
- Bu dönəmdə futbolçuların qiyməti qalxır. Təxmini 1 həftə gözləyəcəyik. Futbolçuları da qınamıram. Hamısı daha yaxşı şərtlər altında çıxış etmək istəyir.
- Heyəti qoruya bilmirsiniz. Sökülüb-yığılan komanda isə Avropa Liqasında uğursuzluğa məhkumdur…
- Doğru qeyd edirsiniz ki, komandanı formalaşdırmağa zaman tələb olunur. Ancaq bəlli bir büdcəmiz var. Ondan kənara da çıxa bilmirik. (sport24.az)