Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 17:00
Bakı. Trend:
Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin və fakültənin Alman filologiyası, İngilis filologiyası və Roman filologiyası kafedralarının təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dekan müavinləri, kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və BSU-nun nəzdindəki Məktəb-Lisey Kompleksinin şagirdləri iştirak ediblər.
Universitetdən Trend-ə verilən məlumata görə, bayram tədbirini giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı, tədris həyatında yeni-yeni nailiyyətlər arzulayıb. Dosent Gültəkin Əliyeva bildirib ki, hər il Yeni il ərəfəsində universitetin ikinci tədris binasında ənənəvi olaraq keçirilən bayram tədbirində tələbə-gənclərin əl işlərindən ibarət xeyriyyə yarmarkarsı təşkil olunur. Hər zaman olduğu kimi, bu dəfə də xeyriyyə tədbirindən əldə edilən vəsaitlə kimsəsiz uşaq və qocalara yardım olunacağını deyən dosent G. Əliyeva gənclərin xeyriyyəçilik addımını yüksək qiymətləndirib, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Tədbirdə Avstriya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Stefani Matzer, BSU-nun Alman filologiyası kafedrasının müdiri, professor Sevinc Rzayeva və kafedranın dosenti Telman Kazımov, baş müəllim Səbinə Hüseynova, Roman filologiyası kafedrasının müdiri, dosent İnnara Tarzumanlı, İngilis filologiyası kafedrasının əməkdaşları, tədbirin təşkilatçılarından Firuzə Kərimova, Könül Sədiyeva və digərləri çıxış edərək tələbə-gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək dəyərləndiriblər.
Bayram tədbiri konsert proqramı ilə davam edib. BSU-nun “Arzu” rəqs ansamblının təqdimatında rəqslər, Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələrinin hazırladıqları bədii-musiqili kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin