Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 13:40
Avtobus sürücüləri ilə bağlı ciddi problemlərdən biri də onların vaxtlı-vaxtında dincəlməməsi, rejimlə işləməməsidir.
Sonxeber.net bildirir ki, Lent.az-ın əməkdaşının sürücülərlə apardığı söhbətdən də məlum olub ki, hətta kart rejimində işləyən marşrut sürücüləri də bir çox hallarda çox sıx qrafiklə, 8-10 saatdan artıq işləyir. Fasilələri olmayan sürücülər, yemək, çay kimi ehtiyacları üçün fürsət tapa bilmirlər: "Axşamlar gec saatlarda işimizi bitiririk. Tutaq ki, 00:00-da iş başa çatır, qaraja getmək, avtobusun təhvil verilməsi, sonra evə getmək bir-iki saat çəkir. Yatana kimi saat 3 olur. Səhər saat 4-5-də isə işbaşı edirik".
Sürücülərin sözlərinə görə, istirahət etmədən işləyəndə həm yuxusuzluq, həm də əsəbilik yaranır.
Qeyd edək ki, bəzi marşrut avtobusları hərəkətə gələndən mənzil başına çatana kimi sərnişinlərlə sürücülər arasında deyişmə yaşanır. Hər iki tərəf bir-birinə qarşı aqressiv münasibət göstərir. Bu problemin arxasında sürücülərin istirahətsiz işləməsi də rol oynayır.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov mövzunun aktual olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə də nəğd ödəniş tətbiq olunan avtobuslarda sürücülər çox sıx qrafiklə işləyirlər, kifayət qədər uzun müddət sükan arxasında olurlar: "Həmin sürücülər təyin olunmuş müəyyən balı vermək üçün sükan arxasında daha çox vaxt keçirməyə məcburdurlar. Yaranmış 5-6 dəqiqəlik fasilədə isə ayaqüstü çay və ya bulka ilə qidalanmağa çalışırlar. Təbii ki, bunlar yolverilməzdir. İstənilən halda sürücü sükan arxasında 4-6 saat ola bilər. Bundan artıq olarsa, xoşagəlməz hallarla nəticələnir".
Ekspert bildirib ki, sərnişindaşıma xidmətlərini həyata keçirən şirkətlər bu məsələnin üzərində işləməli və sürücülər üçün şərait yaratmalıdırlar. Onun sözlərinə görə, sürücülər də öz məsuliyyətlərini dərk etməlidirlər: "İş saatına məsuliyyətsiz yanaşanlar bu yolla ictimai nəqliyyat sektorunda olan problemləri daha da qabartmış olurlar. Qanunvericilikdə bununla bağlı konkret müddəalar var. Qanunvericiliyə görə 8 saat müəyyənləşdirilsə də, beynəlxalq müstəvidə bu rejim 4-6 saat müəyyənləşdirilib. Bizdə bu amil də nəzərdən keçirilməlidir".