Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 10:54
Bakı. Trend:
Ölkə başçısı İlham Əliyevin “Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar” çağırışından sonra demək olar ki, hər dairədən namizədliyini irəli sürən gəncləri görmək olur. Bəs, görəsən, bu gənclər parlament seçkilərinə nə qədər hazırdırlar və onlar parlamentdə təmsil hüququ qazanarsa, hansı addımları atacaqlar?! Nəriman Nərimanov rayonu, 19 saylı seçki dairəsindən namizədliyini irəli sürmüş Kənan Məmmədov deyir ki, o, bu seçkilərə inamla hazırlaşıb və inanır ki, parlamentdə təmsilçilik hüququ əldə etdikdən sonra faydalı işlərlə yadda qalacaq.
Trend bu hazırlıqların və yeniliklərin nə olduğunu, eyni zamanda gənc namizədin öz kampaniyasını hansı fərqli eləmentlərlə həyata keçirdiyini öyrənmək üçün Kənan Məmmədovla söhbət edib:
Kənan bəy, düzü əhali arasında gənc namizədlərin fəallıq göstərməsinə müsbət münasibət göstərənlərlə yanaşı, tərəddüdü olanlar da az deyil. Ona görə də, əvvəlcə istərdik ki, seçiciləriniz və oxucularımız üçün özünüzü təqdim edəsiniz.
- Əvvəlcə onu deyim ki, tərəddüdün olması normaldır, amma namizəd olan gəncin yetərincə bilik və təcrübəsi, peşəkarlığı varsa, platformasında gündəmə gətirdiyi məsələlər seçicilərin istəklərinə uyğundursa və onların həlli üçün real təkliflər irəli sürürsə, seçicilərdə də əminlik formalaşar. Mən, 2010-cu ildə Prezident yanında Dövlət İdarəçlik Akademiyasından məzun olub, 2012-2015-ci illərdə İqtisad Universitetin Biznesin İdarə Olunması fakültəsində magistr təhsili almışam. Hazırda ölkənin qabaqcıl banklarının birində Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəriyəm. Xarici universitetlərdə təşkil olunan bir neçə təlimdə iştirak etmişəm. Analitika və İnvestisiya üzrə tanınmış CFA sertifikatının ikinci dərəcə namizədiyəm. Daim mütaliə edirəm, yenilikləri öyrənir və öz işimdə tətbiq etməyə həvəsliyəm. İnsanlara faydalı ola bilmək üçün çalışıram. Ailəliyəm, iki qızım var.
Bildiyimiz qədəriylə siz qısa müddət öncə bələdiyyə seçkilərində də namizəd olmusunuz. Necə oldu ki, özünüzü siyasi arenada sınamaq qərarına gəldiniz?
- Müəyyən iqtisadi biliklərim olduğu üçün bələdiyyə seçkiləri ərəfəsində öz yerli bələdiyyəmizin saytında maliyyə hesabatı ilə tanış oldum və gördüm ki, burada hesabatlar lazımi səviyyədə tərtib olunmayıb və ciddi nöqsanlar var. Məhz bu səbəb məndə maraq yaratdı. Namizədliyimi irəli sürüb, bələdiyyə sədri seçiləcəyim halda, həmin problemləri aradan qaldırmağı və şəffaf fəaliyyət göstərməyi öz hədəfimə çevirdim. Bu seçkilərdə 5 mindən çox səs toplasam da, təəssüf ki, seçilə bilmədim. Lakin bələdiyyə seçkilərinə qoşulduğum müddətdə əldə etdiyim təcrübə, keçirdiyim görüşlər, əhalinin problemləri və narahatlıqları ilə yaxından tanış olmaq məndə daha çoxu uğrunda mübarizə hissini oyatdı. Qərara aldım ki, mütləq Nəriman Nərimanov rayonundan parlament seçkilərinə öz namizədliyimi irəli sürərək həmin ərazidə yaşayan insanların səsini yuxarı instansiyalara çatdırmaq və problemlərini həll etmək üçün çalışım.
Parlament seçkiləri növbədənkənar olduğu üçün bəzi namizədlər yetərincə hazırlaşa bilmədiklərini söyləyir. Sizin platformanız hazırdırmı?
- Mən artıq bələdiyyə seçkiləri dövründən yaşadığım və namizədliyimi irəli sürdüyüm ərazidə məskunlaşan insanların ehtiyacları və problemlərini bilirdim. Ona görə də platformamı hazırlayarkən məhz onlara istinad etdim. Platformamda, əsasən, sosial məsələləri gündəmə gətirmişəm.
Burada, ilk növbədə, müəllim və həkimlərin təqaüd yaşının qadın və kişilərdə müvafiq olaraq 58 - 60 yaş kimi qərarlaşdırılmasını təklif edəcəyəm. Bundan əlavə məcburi hərbi xidmət yaşının 18-dən 20-yə qaldırılması təklifim var. Digər qaldırdığım məsələ isə uşaq pulları ilə əlaqədardır. Növbəti addım kimi ali təhsil müəssisələrində illik təhsil haqqının tələbələr və ailələri üçün əlçatan miqdarda olmasını təmin etməkdir. Burada müəyyən gəlirlər və kateqoriyalar nəzərə alınacaqdır. Texnologiyanın inkişafı sayəsində təəssüf ki, 50 yaşdan yuxarı insanların işsizlik problemi meydana gəlib. Həmin şəxslərin işlə təmin edilməsi üçün addımlar atılacaq.
Kənan bəy, platformanızda sosial-iqtisadi məsələləri gündəmə gətirmisiniz. Bunlardan əlavə olaraq, seçicilərə nə vəd edirsiniz?
- Hər şeydən əvvəl demək istərdim ki, deputat seçiləcəyim təqdirdə seçicilərin yaşadığı məhəllələrdə qərargahlar qurub, görüşləri orada keçirəcəyəm. Vətəndaşların problemi ilə yerindəcə tanış olub, həlli üçün dərhal müvafiq addımlar atacağam. Bundan əlavə, qəbul günləri olmadıqda vətəndaşlar istənilən vaxt öz deputatları ilə sosial şəbəkələr, mobil telefon vasitəsilə əlaqə saxlaya biləcəklər. Onlar üçün daim əlçatımlı olacağam.
Siz namizədliyinizi Nəriman Nərimanov rayonu üzrə irəli sürmüsünüz. Rəqiblərinizlə mübarizəniz və münasibətiniz necədir?
- Rəqiblərim barədə demək istərdim ki, hər biri ilə birbaşa tanış olmasam da, onlar haqqında məlumatlıyam. Mənim üçün təhsil və uğurlu bir təşkilatda uzunmüddətli iş təcrübəsi daha önəmlidir. Lakin, adi vətəndaş kimi MSK-nın namizədlər siyahısına baxanda “Məhz bu namizədə ümidim var!” deyə biləcəyim ad yoxdur.
Son olaraq seçicilərinizə nə demək istərdiniz?
- Bu ərazilər mənim üçün doğmadır. Burada böyümüşəm, burada yaşayıram. Əhalini yaxından tanıyıram. Ona görə də, seçicilərim əmin olsun ki, seçiləcəyim təqdirdə onların sosial-iqtisadi rifahı üçün daim çalışacağam. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, gəncəm, bilik, təcrübə və enerjimə inanıram. Yenilik etməyin vaxtıdır!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin