Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 16:06
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi statusunda olan Təhsil Nazirliyinin Quba xüsusi peşə məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Başçəkmədə məqsəd bu müəssisələrdə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.
Rəftar məsələlərinin araşdırılması məqsədilə bu təhsil müəssisələrində yaşayan uşaqlarla, habelə müəssisə əməkdaşları ilə fərdi söhbətlər aparılıb və mövcud vəziyyət öyrənilib.
Ombudsman tərəfindən müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, yeməkxana və mətbəxə, ərzaq anbarına və ümumi əraziyə baxış keçirilib.
Milli Preventiv Qrupun üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Quba xüsusi peşə məktəbində saxlanma şəraitinin uşaqlar üçün uyğun olmadığı, onların keyfiyyətli təhsil, asudə vaxtlarının səmərəli təşkili, peşə vərdişlərinə yiyələnmələri üçün imkanların aşağı səviyyədə olduğu müşahidə edilib. Müəssisədə ştat vahidinin çox olmasına baxmayaraq, ictimai təhlükəli əməl törətmiş uşaqların davranışının korreksiyasını və cəmiyyətə uyğunlaşmasını, o cümlədən onların psixoloji, tibbi və sosial reabilitasiyasının təmini üçün uyğun şərait yoxdur, bu xidmətlərin təşkilinə ciddi ehtiyac var.
Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların saxlandığı bu müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında” Nümunəvi Nizamnamənin tələblərinə cavab vermir.
Başçəkmənin sonunda Ombudsman tərəfindən müəssisə rəhbərliyinə milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan, uşaq hüquqlarının həyata keçirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsini nəzərdə tutan tövsiyələr verilib. Başçəkmənin nəticəsi müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlar qarşısında qaldırılacaq.
Qeyd olunmalıdır ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ölkədə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sisteminə, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsinə, ümumilikdə isə, hüquqi islahatlara dəstək məqsədi daşıyan təşəbbüsləri, həyata keçirdiyi preventiv tədbirlər mövcud çətinliklər və ehtiyacların qiymətləndirilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verməkdədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin