Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 11:08
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər və ya mötəbər idman yarışları öncəsi bəzi beynəlxalq qurumların Azərbaycana qarşı yönəlmiş çoxsaylı siyasi kampaniyalarının şahidi olmuşuq. Bu dəfə isə Milli Məclisə keçirilən seçkilər öncəsi ölkəmizdəki siyasi məhbuslarla bağlı Avropa Şurası Parlament Assambleyasında "Azərbaycanda siyasi məhbuslar" adlı qətnamənin və Avropa Şurası Nazirlər Komitəsinə tövsiyyənin səs çoxluğu ilə qəbul edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun aşağı salınmasına hesablanmış növbəti addımdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq İlyas Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında "Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş" üzrə qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə əsasən, ermənipərəst mövqe nümayiş etdirən deputatların üstünlük təşkil etdiyi Avropa Şurası Parlament Assambleyası növbəti dəfə Azərbaycana qarşı qərəzli olduğunu nümayiş etdirib:
"AŞ PA-da işğala məruz qalan ölkə ilə işğalçı arasında fərq qoyulmaması da təəssüf doğurur. Azərbaycanda konkret cinayət əməlinə görə həbs olunan şəxslərin siyasi məhbus olaraq adlandırılması isə qəbuledilməzdir. 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülməsi və onların üzərində qanunsuz "məhkəmə" qurulması zamanı AŞ PA niyə susurdu? Qeyd etmək lazımdır ki, Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Azərbaycanlı "məhbuslarla" qeyri-insani davranışlara və onların saxlanma şəraitinə göz yuman AŞ PA-nın Azərbaycana qarşı bu qərəzli mövqeyinin səbəbi anlaşılan deyil".
Politoloq vurğulayıb ki, bəzi anti-Azərbaycan mövqeyi nümayiş etdirən təşkilatlar öz hesabat və qərarlarında ölkədə olan real vəziyyətə, faktlara deyil, əsasən radikal müxalifətin mülahizələrinə əsaslanır: "Ermənipərəst qüvvələr isə radikal müxalifətin ölkəmizdə keçirilən demokratik seçki mühitini kölgə altına almaq niyyəti güdən məlumatlarından istifadə edərək, Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirirlər".