Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 16:24
Bakı. Elçin Mehdiyev – Trend:
Rusiya Baş qərargah rəisi Valeri Gerasimovla, NATO-nun Avropadakı müttəfiq qüvvələrinin Baş komandiri, general Tod Uoltersin növbəti dəfə Bakıda görüşməsi təsadüfi deyil.
Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.
O bildirib ki, Azərbaycan hər iki tərəflə yaxşı münasibətdə olan və bu münasibətlərini öz milli maraqları çərçivəsində quran bir dövlət olaraq etibar qazanıb:
“Azərbaycan NATO ilə Sülh Naminə tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir və Kosovo, İraq, Əfqanıstanda NATO-nun əməliyyatlarında yer alıb. Bu gün NATO Əfqanıstan əməliyyatında Azərbaycanı tranzit ölkə olaraq qəbul edir. Digər tərəfdən Rusiya ilə də Azərbaycanın iqtisadi, siyasi və hərbi-sənaye sahəsində sıx münasibətləri mövcuddur və bu səbəbdən hər iki tərəf ilə əlaqələri etimad prinsipi üzərində qurduğunu demək olar.
Burada, məncə, Azərbaycanın çoxvektorlu siyasəti baxımından da analizə ehtiyac var. Hər iki tərəflə münasibətlərin olması xarici siyasətimizin çoxvektorlu olmağından xəbər verir”.
C.Vəliyevin sözlərinə görə, NATO-Rusiya görüşünün Bakıda keçirilməsi Azərbaycanın Avrasiya regionu üçün təhlükəsizlik adası kimi qəbul edildiyini göstərir:
“Bu yanaşma xüsusən böyük güclərin “ya mənimləsən, ya qarşımda” prinsipi ilə hərəkət etdiyi bir dövrdə əhəmiyyət qazanır. Əgər bu və bənzər görüşlər Azərbaycanda ilk dəfə keçirilmiş olsaydı, bəlkə bunu təsadüf saymaq olardı. Lakin artıq bunun kimi bir neçə görüşün keçirilməsi rəsmi Bakının beynəlxalq güclər tərəfindən təhlükəsiz platforma olaraq qəbul edildiyini göstərir.
Burada vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan strateji bir coğrafi mövqedə yerləşir və bu mövqe böyük güclərin toqquşduğu yox, əməkdaşlıq etdiyi bir platformadır. Azərbaycan indiyə kimi qonşularına qarşı bir təhdid olmayıb. Hətta Cənab Prezidentin “qonşularımızın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” açıqlaması burada tam yerində istifadə oluna biləcək bir ifadədir. Düşünürəm ki, belə beynəlxalq görüşlərin davamlı olaraq Azərbaycanda keçirilməsi Bakının “əməkdaşlıq platforması” olma strategiyasının da beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin