Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda könüllülük fəaliyyətinə həsr olunmuş himn hazırlanacaq - FOTO

Azərbaycanda könüllülük fəaliyyətinə həsr olunmuş himn hazırlanacaq - FOTO

Tarix: 4 Fevral 2020 09:28

Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan edilməsi bu fəaliyyəti artıq 10 ildən çox təşviq edən bir gənc kimi məni, bu istiqamətdə fəaliyyət göstərən təşkilatları və minlərlərlə gənci sevindirir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev deyib.

Onun sözlərinə görə, dövlətimizin üstünlük verdiyi gənclər siyasəti çərçivəsində müxtəlif fəaliyyətlər inkişaf etdirilir ki, onlardan da biri könüllülükdür.

İ.Quliyev qeyd edib ki, könüllülük siyasəti ölkə gəncliyinin dövlətçilik işində rolunu artırmaqla yanaşı, onların gələcəkdə şəxsi fəaliyyətlərini qura bilmələri üçün də müəyyən imkanlar yaradır, təcrübə əldə etmələrinə və özünə inam qazanmalarına səbəb olur. Bu da ölkəmizdə gənclərin fəaliyyətində könüllülüyün xüsusi yer tutduğunu və bu sahəyə marağın olduqca böyük olduğunu göstərir:

"Könüllülərin fəaliyyətinin təkcə Bakı şəhərində deyil, bütün ölkədə geniş vüsət almağını istədik. Biz könüllülük fəaliyyətini yalnız beynəlxalq səviyyəli tədbirlərin təşkil edilməsində deyil, yerli icmaların inkişafında, cəmiyyətimizi narahat edən ekoloji, sosial və digər istiqamətlərdə qarşılaşdığımız problemlərin həlli üçün birgə çalışmaqda da görürük".

Birlik prezidenti hesab edir ki, yeniyetmə və gənclərin könüllülük haqqında maarifləndirilməsi və biliklərinin artırılması zəruridir.

Onun sözlərinə görə, könüllülük fəaliyyəti sahəsi üzrə təcrübələrdən yararlanmaq məsələsi ilə bağlı qeyri-hökümət təşkilatlarının üzərinə böyük iş düşür. Bu istiqamətdə beynəlxalq mübadilə proqramlarının ölkəmizdə tətbiqi çox vacibdir:

"2000-ci ildən fəaliyyət göstərən təşkilatımız vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək, bu istiqamətdə könüllülük hərəkatının fəaliyyətini artırmaq və gənclərin beynəlxalq inteqrasiyanı təmin etmək məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışır. 20 illik fəaliyyətimiz dövründə tərəfimizdən 200-dən çox yerli və beynəlxalq layihələr həyata keçirilib, onlar yerli və beynəlxalq donor təşkilatlar tərəfindən dəstəklənib".

İ.Quliyev bildirib ki, son illər ərzində İctimai Birlik digər təşkilatlar tərəfindən həyata keçirilən layihələrə də dəstək göstərir:

"Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamenti tərəfindən 2018-ci ildən hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə "AZERBAIJAN GOLDEN KIDS AWARDS" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunur. Layihənin məqsədi uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır. Bu il layihəni üçüncü dəfə beynəlxalq səviyyədə keçirməyi planlaşdırırıq. Layihəyə Türkiyə, Ukrayna, Rusiya və s. kimi ölkələrdən iştirakçılar cəlb olunacaq".

İ.Quliyevin sözlərinə əsasən, könüllülük fəaliyyətinə marağı artırmaq, eyni zamanda istedadlı və yaradıcı gənclərin iştirakını təmin edərək bu hərəkata rəng qatmaq məqsədilə, bu fəaliyyətə həsr olunmuş himn hazırlanmalıdır. İctimai Birliyin prezidenti bildirib ki, bu sahədə artıq danışıqlar aparılır:

"Davamlı olaraq keçirdiyimiz maarifləndirici layihələrdə gənclərin ekoloji problemlər və onun aradan qaldırılması yolları və bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından xəbərsiz olduğunu müşahidə edirik. Bu istiqamətdə könüllük fəaliyyətini artırmaq üçün regionlarda yaşayan 100-lərlə gəncin iştirakını nəzərdə tutan ekoloji layihərin keçirilməsini planlaşdırırıq".


Etiketlər:  Azərbaycanda könüllülük fəaliyyətinə həsr olunmuş himn hazırlanacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ