Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində yeni növ koronavirusa qarşı bir neçə antivirusun kliniki sınaqları aparılır

Çində yeni növ koronavirusa qarşı bir neçə antivirusun kliniki sınaqları aparılır

Tarix: 17 Fevral 2020 02:30

Çində yeni növ koronavirusun (COVID-19) müalicəsi üçün əvvəllər başqa xəstəliklərin müalicəsində istifadə olunmuş virus əleyhinə bir neçə dərmanın kliniki sınaqları aparılır. Bir neçə dərmanın isə kliniki sınaqlara başlanılmasına icazə verilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Elm və Texnologiya Nazirliyinin tabeliyindəki Milli Biotexnoloji İnkişaf Mərkəzi məlumat yayıb. Mərkəzin direktoru Can Sinmin bildirib ki, bir neçə dərmanın COVİD-19-a qarşı müsbət kliniki effekt verdiyi müşahidə olunub.

Çinli mütəxəssislərin kliniki sınaqlarda əsas araşdırdığı dərmanlar arasında "Remdesivir", habelə "Xloroxin fosfat" və "Favipiravir" var. "Remdesivir" Şiddətli Kəskin Respirator Sindromu (SARS) və Orta Şərq Respirator Sindromuna (MERS) qarşı yaxşı antivirus təsiri göstərib. Uzun illər istifadə edilən "Xloroxin fosfat" isə malyariyaya qarşı dərman kimi tanınır. Hazırda bu dərmanın Pekinin və Quandun vilayətinin 10 xəstəxanasında 100-dən yuxarı xəstə üzərində kliniki sınaqları aparılır. İlkin sınaqlar "Xloroxin fosfat"ın yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin müalicəsində kifayət qədər təsirli olduğunu göstərib. Xarici ölkələrdə qrip virusu əleyhinə geniş istifadə olunan "Favipiravir"in də Quandun vilayətindəki xəstəxanalarda 70 xəstə üzərində kliniki sınaqları aparılır.

Mərkəzin direktoru bildirib ki, kliniki sınaqların yekunlarından sonra bu dərmanların COVİD-19-un müalicəsində istifadəsinə qərar veriləcək.
Can Sinmin qeyd edib ki, mütəxəssislərin, ümumilikdə, 70 mindən çox dərman və komponentin kompüter simulyasiyası və nümunələr üzərində araşdırmalarını apardıqdan sonra onlardan 5 minini potensial dərman namizədi kimi seçib. Daha sonra həmin dərman və komponentlər hüceyrələr üzərində test edilmiş və 100-ə yaxın dərman növbəti mərhələdə sınaqdan keçirilmək üçün seçilib.

Qeyd edək ki, Çində COVID-2019-a yoluxanların sayı 68 min 584, bu virus səbəbindən ölənlərin sayı isə 1666 nəfərə çatıb. İndiyədək 9425 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxanlardan 11 min nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 529 min nəfəri müəyyən edib, onlardan 158 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə virusa yoluxma, Filippin, Yaponiya və Fransada 3 ölüm faktı qeydə alınıb.


Etiketlər:  Çində yeni növ koronavirusa qarşı neçə antivirusun kliniki sınaqları aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ