Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güney Azərbaycanda fəlakət: evlər qar altında qaldı - VİDEO

Güney Azərbaycanda fəlakət: evlər qar altında qaldı - VİDEO

Tarix: 18 Fevral 2020 17:10

Yanvarın 31-dən etibarən yağan güclü qar səbəbilə İranın Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində əhali böyük problemlə qarşılaşıb.

Milli.Az xəbər verir ki, bu sözləri Güney Azərbaycan və İranın gündəm məsələləri üzrə mütəxəssis Mehdi Nəimi Güneydə həftələrdir davam edən sərt hava şəraiti ilə bağlı axar.az-a danışarkən deyib. O bildirib ki, qar nəticəsində bağlanan kənd yollarının böyük hissəsini sakinlər açıb:

"Qar nəticəsində Ərdəbildə təxminən 819, Şərqi Azərbaycanda isə 1500 kəndin yolu bağlandı. Millətin yardımı ilə Ərdəbildə 475 kəndin yolu açılsa da, 344 kəndin yolu hələ də bağlıdır. Dövlət bildirir ki, yolların açılması üçün dəstək göndərir, amma göndərilən yardım ünvana çatmır. Dövlətin göndərdiyi yardım ya heç bir işə yaramır, ya da cüzi dəyişikliyə səbəb olur. Bu səbəbdən insanlar özləri başlarına çarə qılmağa, yalın əlləri ilə yolu açmağa çalışırlar. Şərqi Azərbaycanda yolları bağlı olan 1500 kəndin böyük bir hissəsində problem aradan qaldırılsa da, alınan son məlumatlara görə, hələ 400 kəndin yolu bağlıdır".

M.Nəimi vurğulayıb ki, yolla bağlı lazımi struktur qurulmadığı üçün belə vəziyyət yaranıb:

"Əgər yenə qar yağsa, yolları bağlanan kəndlər çoxala bilər. Güclü qarın yağması səbəbindən yolların bağlanması təbii bir prosedur olsa da, məsələnin başqa yönü də var. Sözügedən bölgələr Güney Azərbaycan coğrafiyasına daxil olduğu üçün burada dövlət tərəfindən struktur qurulmayıb. Cüzi miqdarda qar yağan kimi sular donur, təbii qaz və işıqlar kəsilir, insanlar həyatdan təcrid olur, beləliklə göndərilən yardım da ünvana çatmır. Dövlət müxtəlif yollarla, məsələn, helikopterlərlə yardım göndərə bilər, amma bu, nadir hallarda olur. Mindən çox kəndin yolu bağlanarsa, təbii ki, ona 1-2 helikopterlə kömək etmək olmayacaq.

Dəstək gözləyən zərərçəkənlərə idmançıların böyük dəstəyi olub. Onlar bacardıqları qədər ehtiyacı olanları çörəklə təmin etməyə çalışıblar. Ancaq bu, nə vaxta qədər davam edəcək? İnsanlar yardım göstərməyə çalışırlar, amma bu, problemin həlli yolu deyil".

İran Prezidentinin köməkçisi Məmməd Bağır Növbəxtin yaranmış problemlə bağlı öz bölgəsinə səfər etdiyini qeyd edən M.Nəimi onun azərbaycanlılar yaşayan əraziyə dəstək verəcəyi ilə bağlı vədinin sözdə qaldığını vurğulayıb:

"Prezidentin köməkçisi, hansı ki, o, ölkənin büdcəsindən məsuldur, öz bölgəsinə - Gilana getdi. Gilana da qar yağmışdı. O, bölgəsinin problemi ilə yaxından maraqlansa da, qonşuluqda yerləşən Ərdəbilə gəlmədi. Bildirdi ki, Ərdəbildəki problemi nəzarətdə saxlayır və əlindən gələni edəcək. Amma bu vəd də sözdə qaldı. Bu ögey münasibət istər-istəməz Azərbaycan türklərinə qarşı ayrı-seçkilik edildiyini düşünməyə əsas verir".

Qeyd edək ki, uzun müddətdir yağan güclü qar Güney Azərbaycanın bir çox yerlərində, o cümlədən, kəskin hava şəraiti ilə seçilən Ərdəbildə həyatı iflic edib. Bəzi bölgələrdə qarın hündürlüyü 4 metrə çatıb. Hava durumu ilə əlaqədar məktəblərdə tətil elan edilib. Dünən qar uçqunu nəticəsində Xalxal-Əsalim yolunun bağlanması ilə narahatlıq daha da artıb.

Milli.Az


Etiketlər:  Güney Azərbaycanda fəlakət evlər qar altında qaldı VİDEO


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ