Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 19:06
Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsində Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi yad olundu.
Sonxeber.net xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açıldı, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olundu. Rübabə Muradovanın yaradıcılıq bioqrafiyasında Opera və Balet Teatrının xüsusi yer tutduğunu qeyd edən çıxışçılar müğənni ilə bağlı xatirələrini bölüşüblər.
Vurğulanıb ki, Rübabə Muradova Azərbaycan muğam operalarında Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Ərəbzəngi ("Şah İsmayıl"), Sənəm ("Gəlin qayası") kimi parlaq, yaddaqalan obrazlar yaradıb. Qeyd olunub ki, teatrda işləməklə yanaşı, o, geniş konsert fəaliyyəti ilə də məşğul olub, Azərbaycan muğamlarını, xalq mahnılarını, bəstəkarların əsərlərini istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda uğurla təbliğ edib.
Xanəndənin bacısı Tahirə Muradova çıxış edərək bildirib ki, ölümündən bir müddət əvvəl dövlət televiziyasına dəvət edildi, konserti lentə alındı. Bu, onun həyatındakı ilk tam olaraq lentə alınan konsert idi. Rübaba xanımın qeyri-adi gözəl, məxmər səsi vardı, o, Azərbaycan ifaçılıq sənətinin korifeyi kimi tanınırdı, bəzən mahnı oxuyanda gözlərindən yaş axırdı. Təəccüblü deyil ki, onun "Heydırbabaya salam" kompozisiyası bu günə kimi heç kəsi laqeyd qoymur. Bir çox xanəndələr Rübabə Muradovanın repertuarına müraciət edir, arzu edərdim ki, bu mahnılar aranjıman edilmədən ilkin variantında olduğu kimi qalsın. Çünki. orijinallığı və gözəlliyi itirilir .
Tahirə Muradova tədbirin iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib. Tədbir konsert proqramı ilə davam edib.
Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səsləndirilib, tanınmış xanəndələrin repertuarında onun vaxtı ilə ifa etdiyi mahnılara müraciət olunub.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar", "Muğam axşamları", "Dastan gecələri", "Aşıq musiqisi", "Etnik musiqi inciləri" kimi layihələrini davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin, milli musiqimizin və qeyri-maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasıdır.