Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 09:12
Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib.
Xocalı soyqırımı barədə danışarkən ekspert bildirib ki, ilk növbədə silahlı münaqişə və terrorçuluq anlayışlarını fərqləndirmək lazımdır:
"Söhbət müharibədən gedərkən döyüş meydanında xüsusi hazırlıqlı insanlar üz-üzə gəlir. Xocalı faciəsi kimi dinc sakinlərə qarşı aqressiya barədə danışanda isə biz terrorçuluğu nəzərdə tuturuq. Belə vəziyyətdə hərbi qanunlara əsaslanmaq olmaz. Günümüzdə bir dövlət tərəfindən dinc sakinlərə qarşı terrorçuluq fikri tamamilə qəbuledilməzdir".
Q.Niyazova hesab edir ki, terror aktlarını "müddəti ötdükləri" üçün unutmaq və ya əfv etmək olmaz, çünki bu, erməni separatçıları tərəfindən vəhşiliklərə məruz qalmış bütöv ailələrin, o zaman sağ qalmağa çalışan, bu gün isə sadəcə yurdlarına qayıtmaq istəyən insanların tarixidir.
Ekspertin sözlərinə görə, tarixdə dinc sakinlərə qarşı vəhşiliklərin kifayət qədər nümunələri var:
"Beynəlxalq münasibətlərin tarixi göstərir ki, dinc sakinlər üzərində zorakılığa görə məsuliyyət daşıyan ölkə yalnız törətdiklərinə və bunun nəticələrinə görə məsuliyyəti etiraf edəndən sonra inkişaf yoluna qədəm qoyur. Əks halda ölkə yalana daha da çox bataraq səylərini dünya siyasi arenasındakı və öz vətəndaşlarının gözündəki saxta imici qoruyub saxlamağa yönəldir".