Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 11:54
“Qarabağ” – “Sabah” oyunundan əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mediada koronavirusla bağlı gülməli açıqlaması diqqətimi çəkdi. O tam ciddiyyətlə demişdi ki, bu gün bu xəstəliyə görə, bizdə başqa ölkələrdəki kimi, oyunları təxirə salmağa ehtiyac yoxdur və əgər zərurət yaranarsa, onların B planı var. Gülməli (bəlkə də ağlamalı) olan nədir? Odur ki, bizdə çempionatın matçlarına onsuz da gələn yoxdur. Və bir halda ki, gələn yoxdur, oyunlar niyə təxirə salınsın? Hətta matçdan əvvəl bu barədə Feysbukda paylaşım etdim. Bu zaman yumor hissi iti olan bir FB dostum şərh yazdı ki, Azərbaycanda koronavirusdan qorunmaq üçün ən ideal məkan elə stadionlardır.
Və bu fikirləri növbəti dəfə təsdiq edən fakt dünən “Tofiq Bəhramov”a toplaşan azarkeşlərin sayı oldu: cəmi 300 nəfər. Yəni arenanın real tamaşaçı tutumundan düz yüz dəfə az.
Zorla deyil.
Hətta lider “Qarabağ”ın oyunlarına belə gələn yoxdur. Və hətta çempionatı keçirən qurumun rəhbəri – Ramin Musayev da oyunlara gəlmir. Sonra da klubları qınayır ki, azarkeşlərlə işləmirlər. Ramin bəy haqlı ola bilər. Amma bəs, futbolu inkişaf etdirmək birbaşa vəzifə borcu olan PFL-in, AFFA-nın rəhbərlərini stadionlara kim, hansı qüvvə gətirməlidir?
Yeri gəlmişkən, dünənki oyunda yəqin ki, futbol tarixində indiyədək olmayan unikal bir hadisə baş verdi. Stadionda o qədər sakitlik vardı ki, matçı şərhçilər otağından şərh edən Gündüz Abbaszadənin səsi belə uzaqlıqdakı media trubinasına qədər gəlir və dedikləri aydın eşidilirdi.
Bu yerdə bir-iki cümləlik zəruri qeyd.
Mənə görə, Gündüz müasir Azərbaycan şərhçilik məktəbinin ən parlaq 3 nümayəndəsindən biridir. Futbolu əla bilir, daim öyrənir. Səsi, emosionalığı yerindədir. Təsirli replikalarına isə bravo düşür. Ümid edirəm ki, bu fikirlərim “üçlüyə” düşməyən başqa şərhçilərdə qısqanclıq yaratmadı.
İstədim, oyunun üzərində də dayanım. Amma yadıma düşdü ki, meydanda bircə komanda vardı: “Qarabağ”. “Sabah” isə... Ümumiyyətlə, bu klubda hələ çox şey yerində deyil. Məşqçi düşüncəsi, idarəetmə sistemi. Düzələcək?
Və sonda...
Elçin Məsiyev və köməkçiləri, belə hakimlik olmur!
Aydın BAĞIROV
P.S. Abbas Hüseynov, seyvin fantastik idi!