Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 13:48
Azərbaycanda təxmini hesablamalara görə, 80 minə yaxın veteran 80 manat məbləğində olan müavinəti alır və bu da Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasətin nəticəsidir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
A.Nağıyev qeyd edib ki, Gədəbəy zonasında təxminən 300, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxs var: "Bu şəxslər müharibədə iştirak ediblər, lakin müəyyən səbəblərə görə onlara hər hansı statusun verilməsi məsələsi öz həllini tapmayıb. Məsələnin həllində həmin şəxslərə yardım göstərilməsi vacibdir".
Millət vəkili, həmçinin əlavə edib ki, həm Tovuzda, həm də Gədəbəydə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəş altında saxlanılan torpaq sahələri var: "Bu baxımdan da insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmirlər. Bu da həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək lazımdır ki, atəşkəs rejiminə əməl edilsin. Həmçinin, təklif edərdim ki, Ermənistanla həmsərhəd olan həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın".
Televiziya və saytlarda özünü reklam edən həkimlərlə bağlı məsələyə də toxunan deputat hər əməliyyata qiymət qoyan bəzi həkimlərin peyda olduğunu dilə gətirib: "Sonradan aydın olur ki, həmin əməliyyatı digər həkimlər daha ucuz qiymətə həyata keçirirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirilməlidir".