Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tədqiqatçı-jurnalist Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Tədqiqatçı-jurnalist Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Tarix: 27 May 2019 14:36

Bakı. Trend:

Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə milli-mənəvi irsimizin, ortaq türk dəyərlərinin öyrənilməsində və təbliğində müstəsna xidmətləri olmuş tədqiqatçı-jurnalist, azərbaycanşünaslıq, türkologiya sahəsində nüfuzlu araşdırmaçı Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə yubilyarın zəngin elmi-publisistik fəaliyyətini əhatə edən “Biblioqrafik göstərici”, milli dissident hərəkatı barədə ərsəyə gətirdiyi, azərbaycan və rus dillərində işıq üzü görmüş “Dissident axtarışında” kitabları təqdim olunub.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ölkənin media ictimaiyyəti öz yetirməsi olan Əli Şamilə maarifçi-demokratik hərəkat və istiqlal mübarizəsi publisistlərinin yolunu davam etdirən ziyalılarımızdan biri kimi dərin rəğbət və ehtiram bəsləyir. Çoxillik tədqiqatlarında milli məfkurə daşıyıcılarımızı, türk dünyasının mənəvi dəyərlərini incələyərək Azərbaycan oxucuları üçün önəmli bilgilərin əldə edilməsi və yayılması sahəsində qibtəediləcək işlər görmüş Əli Şamil çağdaş nəsillər üçün gərəkli qaynaqlar toplusu yaradıb.

MŞ sədri daha sonra qeyd edib ki, ulu türklük sevdası ilə “əlində dəmir əsa, ayağında dəmir çarıq”, az qala, bütün türk dünyasını ölkə-ölkə, diyar-diyar gəzib dolaşmış Əli Şamilin bu gün ölkənin elmi-mədəni ictimaiyyətinə təqdim etdiyi növbəti iki qiymətli kitab onun türçülük dünyagörüşünə, türkologiya elminə verdiyi qiymətli töhfənin çəkisini və miqyasını dəyərləndirmək baxımdan qiymətli nəşrlərdir. Elmi axtarışlara tədqiqatçı jurnalist kimi başlamış, ensiklopedik yaradıcılıqla məşğul olmuş və hazırda AMEA-nın Folklor İnstitutunun beynəlxalq əlaqələr bölümünə rəhbərlik edən türkoloq həmkarımızın mənalı və zəngin ömür yolu, istər-istəməz, klasssik maarifçi və demokrat ziyalılarımızın xalqa xidmət nümunələrini yada salır.

Sonra Əflatun Amaşov Azətbaycan Mətbuat Şurasının fəxri yubiley diplomunu təntənəli surətdə Əli Şamilə təqdim edib. Tədqiqatçı-jurnalistə Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi də verilib.

Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə Əli Şamilin ömür yolu və elmi-publisistik fəaliyyəti barədə məlumat verərək bidirib ki, Əli Hüseyn oğlu Şamilov - Əli Şamil qədim Göyçənin İnəkdağ kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 20 il müddətində Naxçıvanda çıxan “Şərq qapısı” (Sovet Naxçıvanı), “Ağrıdağ”, “Varlıq” və “Günay” qəzetlərində çalışan, “Azadlıq” qəzetinin bölgə müxbiri işləyən, o dövrdə milli azadlıq hərəkatı və torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq hərəkatının öncüllərindən olan araşdırmaçı jurnalist 1993-cü ildə Bakıya köçüb.

Sonrakı illərdə Əli Şamil də Azərbaycan Milli Ensiklopediyasında “Uşaq ensklopediyası” və “Türk dünyasının məşhurları” qruplarına rəhbərlik edib. O, müstəqilliyimizin ilk illərində ölkəmizdə təhsil alan bir çox Kırım və Ahıska türkünə, qaqauza, uyğura və digər türkdilli tələbəyə maddi və mənəvi dayaq olub.

Əli Şamil 1998-ci ildən Azərbacan Milli Elmər Akademiyasının Folklor İnstitutunda çalışır, 2007-ci ildən xarici ölkələrlə əlaqələr bölməsinə rəhbərlik edir. İnstitutun keçirdiyi bir sıra beynəlxalq elmi məclisin təşəbbüsçü və təşkilatçılarındandır. 20-yə yaxın ölkədə keçirilən 80-dan çox beynəlxalq konfransda məruzə ilə çıxış edib. Onun indiyədək 17 müəllif kitabı, 11 tərtib kitabı, 200- dən çox elmi məqaləsi Azərbaycanda, keçmiş SSRİ-nin türk xalqları və topluluqları yaşayan respublikalarda, İranda, Quzey Kıbrısda, İsveçdə, Almaniyada, Albaniyada, Bosniyada, Polşada çap olunub.

Tədqiqatçı-jurnalist 20-dən artıq elmi-nəzəri və tədqiqat kitabının redaktoru olub. AMEA-nın Folklor İnstitutunun söbə müdiri Nailə Əskər tərtibçisi olduğu “Əli Şamil. Biblioqrafik göstərici” nəşrini, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri İsmayıl Umudlu isə redaktoru olduğu Əli Şamilin “Dissident axtarışında” kitabını iştirakçılara təqdim ediblər.

Xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun professorları Nəsir Əhmədli, Ramiz Əskər, Anar İsgəndərov və Allahverdi Məmmədli, fəlsəfə doktoru Nəsiman Yaqublu, yazıçı Səfər Alışarlı, tədqiqatçı jurnalistlər - Sədaqət Kərimova və Tahir Aydınoğlu yubiliyarın çoxcəhətli və zəngin yaradıcılığının yeni nəsillərin azərbaycançılıq və yurdsevərlik ruhunda tərbiyəsində önəmini vurğulayıblar, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu ediblər.

Alim və yazarlar Əli Şamilin azərbaycanşünaslıq, türkologiya sahəsində axtarışları dərinləşdirmiş və genişləndirmiş əsərlərinin elmi dərəcə almaq üçün Ali Attestasiya Komissiyasına təqdim edilməsini irəli sürüblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tədqiqatçı jurnalist Əli Şamilin illik yubileyinə həsr olunmuş toplantı keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ