Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 22:48
Koronavirusla bağlı ən böyük mübarizəni ilk olaraq bu sahədə ön cəbhədə olan həkimlər görür.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, həmin həkimlər öz peşəkarlığı ilə seçilərək həyatlarını riskə atmaqla ilk növbədə şübhəli şəxsləri qarşılayır, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar:
"Məlum məsələdir ki, bu, çox riskli işlərdən biridir. Həmin həkimlərin hər an bu infeksiyaya yoluxma təhlükəsi var. Bundan başqa, Operativ Qərargahın tərkibində də həkimlərin üzərinə hər hansı bir qərarı vermək kimi çox böyük məsuliyyət düşür. Məhz buna görə də Prezident İlham Əliyev həkimlərin əməyini yüksək qiymətləndirdi".
Millət vəkili bildirib ki, bu qiymətləndirmədə də əsas meyar doğrudan da öz peşəsini sevən şəxslərin davranışı, öz fəaliyyətlərini necə həyata keçirməsidir:
"Təbii ki hər işdə zəhməti olan şəxsin əməyi həm mənəvi, həm də maddi cəhətdən qiymətləndirilməlidir. Bu baxımdan hər bir tibb işçisinin əmək haqqının 3-5 misli qədər müəyyən edilməsi çox mühüm əhəmiyyət kəsb edən məsələdir və çox vaxtında verilmiş qərardır. Bu həkimlərin fəaliyyətini daha da təkmilləşdirməsi üçün bir stimuldur. Düşünürəm ki, onların əməyi gələcəkdə də qiymətləndiriləcək. Bu gün kimlərinsə evdən, mənzillərdən çölə çıxmasına qadağa qoyulduğu bir halda həkimlər daim öz pasiyentlərinin, infeksiyaya yoluxma şübhəsi olan şəxslərin yanındadır. Buna görə də bu vəziyyətdə dövlət başçısının öz vətəndaşının yanında olması, onların təhlükəsizliyi üçün həkim əməyini yüksək qiymətləndirməsi təqdirəlayiqdir".
Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.