Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq nümunəsi - FOTO

Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq nümunəsi - FOTO

Tarix: 27 Mart 2020 22:46

Tarixi mənbələrə əsaslanan tədqiqatçılar muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincəqalanın iki min il bundan əvvələ inşa edildiyini qeyd edirlər. Yazılı qaynaqlarda isə VI əsrdən etibarən xatırlanır. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qalanın adının qeyd olunduğu ən qədim mənbə "Kitabi-Dədə Qorqud" dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər.

Əsrlərboyu Azərbaycan ərazisində mövcud olmuş feodal dövlətlərin məhz Əlincəqalanı strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüfi deyildir. Bu qalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni "Əxbar əd-dövlət əs-Səlcuqiyyə" əsərində də qeyd edir. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanıb. Mənbələrdən də aydın olur ki, bəzi dövrlərdə Əlincəqaladakı xəzinəyə sahiblənmək uğrunda ciddi mübarizə gedib.

Dövrünün ən qüdrətli ordusuna qarşı 14 illik müqavimət

Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olub ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Əlincəqalaya sığınıblar. Məsələn, sonuncu atabəy Özbəyin dövründə dövlətin Təbrizdən idarə olunmasına baxmayaraq, dağıdıcı monqol hücumlarından qorunmaq üçün o, ilk növbədə, Naxçıvanda məskunlaşmağa çalışıb. İbn əl-Əsir 12 cildlik "Mükəmməl tarix" əsərində bu haqda yazır: "Təbrizin əsl hakimi Özbək Pəhləvan oğlu oranı buraxıb getmişdi. Çünki o, fəaliyyətsiz bir əmir idi. ...Tatarların Həmədandan çıxıb gəlməkdə olduqlarını eşitdikdə özü Təbrizi buraxıb Naxçıvana getmiş və ailəsini özündən uzaqlaşdırmaq üçün Xoya göndərmişdi". Məlumatlardan o da aydın olur ki, Özbək Naxçıvana gəldikdən sonra Əlincəqalaya çəkilib. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi, dövlət xəzinəsinin məhz Əlincəqalada gizlədilməsi ərazinin və qalanın əhəmiyyətini bir daha göstərir.

Tarixi mənbələrdə məlumat verilir ki, Əlincə XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin ikinci yarısında isə Cəlairilərin hakimiyyəti altında olub. XIV əsrin 80-90-cı illərində qala dünyanın ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymura qarşı mübarizənin əsas istinadgahına çevrilib və 14 il mərdliklə müdafiə olunub.

Muxtar respublikada bu gün milli tariximizə, mədəniyyətimizə göstərilən diqqət Əlincəni də öz ağuşuna alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanılıb, Azərbaycan tarixinin yeni səhifələrinin açılmasına işıq salınıb. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. "Muxtariyyət ili"nin əvvəllərində - 2014-cü ilin 11 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən "Culfa rayonundakı "Əlincəqala" tarixi abidəsinin bərpa edilməsi haqqında" Sərəncam imzalanıb.

Tarixi yaşadanları tarix də yaşadacaqdır

Həmin sərəncamdan sonra başlanılan bərpa zamanı qalaya qalxmaq üçün düzəldilmiş yolda daş pilləkənlər salınıb, pilləkənlərin sağ və sol tərəflərində yağış və sel sularından qorunmaq üçün arxlar qurulub. Qalanın qapılarına, bürcləri əhatələyən divarlarına yeni həyat verilib. Bundan əlavə, qalanın daha hündür hissəsinə gedən yolda daş qayalar kəsilərək pillələr yaradılıb, həmçinin Xanəgah kəndi istiqamətinə baxan digər qala qapısının divarları da bişmiş kərpiclə bərpa olunub.

Bərpa zamanı burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilib. Həmçinin qısa bir vaxtda burada xeyli sayda bir-birinin yaxınlığında yerləşən birotaqlı mənzillər bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Qazıntılar zamanı burada müxtəlif saxsı qab hissələri, həvənglər, əl dəyirmanları aşkar olunub. Qalada mövcud olan və bir zamanlar döyüşçülərin su ehtiyacını ödəyən hovuzlar təmizlənib. Daşdan yonulmuş bu hovuzlardan ən böyüyünün dərinliyi bir hissədə 8 metrə, digər hissədə isə 3 metrə çatır ki, bu da, təxminən, 40 kubmetr su tutumuna imkan verir. Əsasən yağış və qar suları ilə doldurulan bu hovuzlara qayaların üzərində yonularaq açılmış arxlar vasitəsilə su dolur.

Ötən illərdə Əlincəqala tam bərpa edilərək Azərbaycan xalqına qaytarılıb, onun yeni tarixi yazılıb. Yazılıb ki, gələcək nəsillər də bu şanlı tarixi unutmasınlar.


Etiketlər:  Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq nümunəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ