Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boğazda iltihab, ağrı, şişkinlik nəyin əlamətidir?

Boğazda iltihab, ağrı, şişkinlik nəyin əlamətidir?

Tarix: 28 Mart 2020 21:15

Boğazda ağrı, damaq badamcıqlarında iltihab ən çox narahatlıq yaradan şikayətlərdən sayılır. Ələlxüsus uşaqlarda meydana gələn bu problem bəzən ildə bir neçə dəfə təkrarlanır. Bu problemlər bir çox hallarda virus infeksiyaları, qrip, soyuqdəymə zamanı yaranır. Çox zaman boğazda yaranan ağrı, şişkinlik ümumi olaraq angina kimi dəyərləndilir.

Əslində necədir? Boğazda, damaq badamcıqlarında bu problemlər hansı səbəblərdən yaranır?

Lor-cərrah Kamil Süleymanovun "Xroniki tonzilit-damaq badamcıqlarının iltihabı" adlı məqaləsini təqdim edirik:

Udlaq limfoid həlqəsində, damaq badamcıqlarının xronik iltihabına daha çox rast gəlinir, ona görə də xroniki tonzillit anlayışı xroniki prosesden xəbər verir. Müxtəlif müəlliflərə görə, xronik tonzillitə böyüklərdə 4-10, uşaq yaşlarında isə 12-15 faiz rast gəlir.

Xarici və daxili faktorların təsiri nəticəsində orqanizmin müqaviməti aşağı düşür, badamcıq lakunalarında olan mikrofloranın patogenliyi və virulentliyi artır. Bu da angina və xronik iltihabın yaranmasına səbəb olur. Xroniki tonzillitdə badamcıqlarda 30-a yaxın müxtəlif mikrob aşkar  edilib, amma lakunaların daha dərin hissələrində adətən flora polimorfizmi olmur, daha çox monoflora - streptokokun müxtəlif formaları (əsasən hemolitik), stafilokok və s. rast gəlinir.

Xronik tonzillitdə həm də qeyri-patogen mikrobların assosasiyası rast gəlinə bilər. Uşaqlarda badamcıq çıxarıldıqdan sonra bəzən adenoviruslar da aşkar edilir ki, bu da onların etiologiya və patogenezdə rol oynadığını göstərir. Beləliklə, xronik tonzilliti autoinfeksiya şərtlənmiş infeksion xəstəliklərə aid etmək lazımdır.

Xronik tonzillit daha çox kəskin anginadan sonra yaranır. Nadir hallarda angina olmadan da yaranır. Onun yaranması və inkişafına çox zaman xronik infeksiya mənbələrindən (kariesli dişlər, burun və burunətrafı ciblərin xronik iltihabı və s.) həmçinin bakterial, yerli toxumadan  olan daimi autoinfeksiyalar və ümumi allergik fon təkan verir.

Klinik mənzərə və təsnifat. Xronik tonzillitin əsas göstəricisi anamnezde tez-tez anginanın olmasıdır. Xronik tonzillitli xəstələr arasında "anginasız forma" müxtəlif müəlifflərə görə 2-4% hallarda rast gəlinir.

Qeyd etmək lazımdırki, xronik tonzillitin bir obyektiv əlaməti tam olaraq patoqnomik deyildir. Diaqnostika üçün bütün əlamətləri qiymətləndirmək lazımdı. Beləki hər bir simptom qiymətləndirilməlidi, çünki bu digər xəstəliklərlə də - udlaq, diş, çənə, burun və b. bağlı ola bilər. Kəskin angina zamanı xronik tonzillit diaqnozu qoymaq olmaz,belə ki, farinqoskopik simptomlar xronik gedişi əks etdirməyəcək. Kəskinləşmədən 2-3 həftə keçdikdən sonra xronik tonzillitin obyektiv əlamətlərini qiymətləndirmək lazımdır.

Əksər hallarda xronik tonzillitin kəskinləşməsi ildə 2-3 dəfə olur, nadirən ildə 5-6 dəfə angina ola bilər. Bəzən 3-4 ildə 1-2 dəfə angina ilə xəstələnmə baş verə bilər, lakin bunu da ciddiyə almaq lazımdır. Bəzən temperatur müşahidə olunmayan boğaz ağrısı, angina adlandırılır. Ona görə hər bir halda keçirilmiş hər bir boğaz ağrısının xarakterini müəyyənləşdirmək lazımdır.

Bəzən angina badamcıqda xronik prosseslə deyil, orqanizmin reaktivliyi düşən zaman meydana çıxan endogen faktorlar və ya udlağın, burun və burunətrafı ciblərin iltihabi patalogiyası ilə şərtlənir.

Şikayətlər əsasən te-tez anginanın olması, digər şikayətlər isə ağızdan pis iyin gəlməsi, udqunma zamanı boğazda yad cisim əlaməti, quruluq və s.-dir. Lakin bu əlamətlər tək xronik tonzillitdə deyil, həm də faringitin digər formalarında , kariesli diş və s.-də rast gəlir. Bəzən tez yorulma, ümumi zəiflik, baş ağrısı, əmək qabiliyyətinin enməsi, subfebril temperatur kimi əlamətlərə də rast gəlinir, bir çox xəstələrdə anginadan başqa şikayətlər olmur.

Yerli iltihabi badamcıq əlamətləri uzun sürən xronik iltihabın farinqoskopik əlamətləridir. Xronik tonzillit zamanı badamcığın yuxarı səthinə və ətraf toxumaya lakunalardan irin keçir və uzun müddət qıcıqlandıraraq, bu toxumanın xronik iltihabı yaradır. Damaq badamcıqlarına və ətraf toxumasına baxdıqda aşağıdakı xarakterik əlamətlər təyin edilir:

Qize əlaməti- damaq qövslərinin kənarlarının hiperemiyası

Preobrajenski əlaməti- ön və arxa damaq qövslərinin infiltrasiya və hiperplaziyası

Zak əlaməti- yuxarı səthin, ön və arxa qövslərin ödemləşməsi

Xronik tonzillitin və xronik faringitin eyni zamanda rast gəlməsi bu əlamətlər az məna kəsb edir. Həmçinin badamcığın damaq qövslərinə və üçbucaq büküşə yapışması da rast gəlinə bilən əlamətlərdəndir.

Vacib və tez-tez rast gəlinən əlamətlərdən biri də badamciq lakunalarında maye kazeoz və ya irinli tixacların rast gəlməsidir. Bu bəzən pis qoxu ilə müşayiət olunur. Nəzərə almaq lazımdır ki, normada badamcıqlar epidermal tıxaclar saxlayır özündə və onları patoloji tixaclardan fərqləndirmək çətindir. Diaqnostik məqsədlə lakunada olan irini əldə etmək üçün badamcığı şpatellə sıxmaq lazımdır. Bunun üçün şpatelin küt tərəfiylə ön qövsə elə təzyiq etmək lazımdırki, badamcıq udlağın yan divarına sıxılsın. Təzyiq təxminən 2-3 saniyə, yumşaq şəkildə olmalıdır. Əks halda damaq qövsünün selikli qişasını zədələmək və infeksiyani yaymaq mümkündür. Digər metodlar (lakunaların zodlanması, diaqnostik yuyulma və  sorulması) az tətbiq edilir.   

Yerli əlamətlər içərisində regionar limfa düyünlərinin böyüməsi xronik tonzillitdə çox rast gəlinən simptomlardandır. Bu düyünlər adətən aşağı çənə bucağında və döş-körpücük-məməyəbənzər əzələnin ön kənarında yerləşən düyünlərdir. Bu düyünlərin palpasiyası zamanı böyümə və ağrının olması badamcıqlarda iltihabi prosesin yüksək aktivliyindən xəbər verir. Nəzərə almaq lazımdır ki, bu limfatik düyünlər həmçinin udlaq, burun və burunətrafı ciblərin, dil kökü üçün də regionardır. Ona görə də limfa düyünlərinin böyüməsini xronik tonzillitlə bağlı olduğunu dəqiqləşdirmək üçün sadalanan orqanların patologiyasını inkar etmək lazımdır.

Bəs müalicə necə olmalıdır?

Xronik tonzillitin müalicə taktikası onun növündən asılıdır. Sadə formasında bir qayda olaraq konservativ müalicədən başlayırlar. 3-4 kursdan sonra  effekt olmadıqda badamcığın ləğvi göstərişdir. Toksik-allegik formasında tonzilloektomiya göstərişdir. Amma 1-ci mərhələsində konservativ müalicə aparmaq mümkündür, bir şərtləki müalicə 1-2 kurs ilə məhdudlaşsın. Əgər nəzəzrəçarpan effekt yoxdursa, tonzilloektomiya, yəni əməliyyat göstərişdir. Toksik-allergik formanın 2-ci dərəcəsi isə tonzilloektomiyaya bir başa göstərişdir. Bütün xronik tonzillitli xəstələr dispanser nəzarətə götürülür.


Etiketlər:  Boğazda iltihab ağrı şişkinlik nəyin əlamətidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ