Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 16:42
Bakı. Samir Əli - Trend:
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 may - Respublika Günü və Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ünvanladığı iki təbrik məktubunda Azərbaycanla ABŞ arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha əyan oldu.
Bunu Trend-ə açıqlamasında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
Millət vəkili bildirib ki, Donald Trampın qısa müddət ərzində Prezident İlham Əliyevə iki təbrik məktubu göndərməsi ABŞ-ın Azərbaycana xüsusi önəm verməsinə işarədir: "Bu fakt onu göstərir ki, iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən tərəfdaşlıq yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycanın həyata keçirdiyi qlobal layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirir, təhlükəsizliyə mühüm töhfə verir. Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülh və sabitliyin bərqarar olmasında fəal iştirak edirlər. Ölkəmiz terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyə təhdid yaradan hallara qarşı fəal mübarizənin önündə gedən ölkələrdən biridir. Buna görə də ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə xüsusi önəm verir, əməkdaşlığın inkişafına çalışır".
G.Baxşəliyevanın sözlərinə görə, təbrik məktubunda ABŞ Prezidenti “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub Qaz Dəhlizi" təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində” Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir: "Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir.
ABŞ Prezidenti Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində xalqın mənafeyinə xidmət edəcək və iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayır. Bir daha görünür ki, ABŞ Azərbaycanda həyata keçirilən islahatlar kursunu yaxından izləyir, nəticələrini görür və perspektivini yüksək qiymətləndirir".
Millət vəkili ikinci məktubdan danışarkən qeyd edib ki, Donald Tramp təbrik məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rola malik olduğunu və dünyanın enerji bazarında sabitliyin hökm sürməsinə mühüm töhfə verdiyini bildirib: "Tramp xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərimizi dəstəklədiyini, Azərbaycanın uğurunun bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəyini xüsusi vurğulayıb. Bu, bir daha onu göstərir ki, artıq Azərbaycanın dünyanın təhlükəsizlik sahəsində göstərdiyi səylər yüksək nəticə verib".
G.Baxşəliyeva bildirib ki, Donald Trampınsonuncu məktubunda "Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır" fikri Azərbaycanın parlaq gələciyindən xəbər verir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin