Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 13:27
Bu gün dünya böyük bir fəlakətlə üz-üzədir. Ölkəmiz də bu mənada çətin bir sınaq qarşısındadır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimov deyib.
Onun sözlərinə görə, dövlət vaxtında önləyici addımlar atıb:
"Dövlətimiz həmişə xalqın, vətəndaşının yanındadır. Belə bir dövrdə milli həmrəylik, birlik çox vacibdir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddətdə bu fonda ciddi ianələr edildi, xalqımız birliyini bir daha nümayiş etdirdi. Bir sənətçi kimi mən də cənab Prezidentin çağırışına qoşuldum, bir aylıq vəzifə maaşımı bu fonda köçürdüm. Belə bir zamanda ianənin məbləği yox, xalqımızın həmrəyliyi önəmlidir".
Xalq artisti qeyd edib ki, Azərbaycan xalqı mübarizdir və həmişə belə çətin zamanlarda öz birliyini ortaya qoyub:
"Düşünürəm ki, bu dəfə də biz sınaqdan üzüağ, alnıaçıq çıxacağıq. Bu, ciddi məsələdir. Əlbəttə ki, panikaya düşmək lazım deyil, sadəcə olaraq məsələyə daha ciddi, daha həssas yanaşmalıyıq. Sosial təcrid qaydalarına hər bir vətəndaşımız riayət etməlidir, ciddi zərurət yaranmadıqca evdən çölə çıxmamalıdır. Təəssüflər olsun ki, hələ də bəzi insanlar məsələnin ciddiyətinin fərqinə varmır, xüsusi təcrid rejimini kobud şəkildə pozur. Xüsusi təcrid rejimini pozanlar təkcə öz sağlamlıqlarını deyil, öz doğmalarının da həyatını riskə atırlar. Qoyulmuş qaydalara əməl etməklə biz bu dar məqamdan ən az itkilərlə çıxacağıq. Başa düşürəm ki, hava yaxşıdır, hamı gəzmək, dincəlmək istəyir. Amma unutmayın ki, həyat, yaşamaq daha gözəldir. Evdə qalaq, sağlam olaq və unutmayaq ki, biz birlikdə güclüyük".