Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 09:06
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan həm Şuranın fəaliyyəti, həm də beynəlxalq təşkilatların tarixində videokonfrans vasitəsilə zirvə toplantısı keçirməklə bir ilkə imza atdı. Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurasının zirvə toplantısı qlobal təhlükəyə qarşı birgə mübarizədə əhəmiyyətli tarixi hadisədir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, hazırda koronavirus pandemiyası durmadan yayılmaqda davam edir və ona qarşı effektiv mübarizə yalnız birgə səylərlə mümkündür. Çünki ayrı-ayrı dövlətlərin müxtəlif təcrübələri var və onların qarşılıqlı şəkildə öyrənilməsi və təhlükəsizlik məqsədilə istifadə olunması aktualdır:
"Bu mənada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var. Ancaq Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə zirvə görüşünün baş tutması Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi hesab edilə bilər:
"Ona görə də dövlət başçısı ilk növbədə məhz bu məsələyə diqqət çəkərək qeyd etdi ki, bu zirvə görüşü bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Hazırkı mərhələdə koronavirusa qarşı mübarizədə tibbi tədbirlər nə qədər əhəmiyyətlidirsə, mənəvi-psixoloji məsələlər və ümumi həmrəylik də də bir o qədər əhəmiyyətlidir".
Deputatın sözlərinə görə, başqa əlamətdar bir məsələ isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun Zirvə görüşünə qatılması idi:
"Bu da Azərbaycanın dəvətilə baş tutmuşdu və Türk Şurasının zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq keyfiyyəti qazandırırdı. ÜST-ün baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnuniyyətini dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi. Baş direktor bundan sonrakı mərhələdə koronavirusa qarşı daha yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı".
H.Babaoğlu vurğulayıb ki, koronavirus pandemiyasının yaratdığı problemlər təkcə sağlamlıq müstəvisi ilə məhdudlaşmır, digər sosial-iqtisadi sferalara da ciddi şəkildə mənfi təsir göstərir:
"Zirvə görüşündə bu məsələlərə də toxunuldu və iqtisadi itkilərin minimizə edilməsi məsələsi gündəmə gəldi. Qardaş ölkələrin dövlət başçılarının nitqində Azərbaycanın həyata keçirdiyi qlobal tranzit layihələrin hazırkı mənada iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyi bildirildi. Bu sırada Bakı-Tibilisi-Qars dəmiryolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi. Beləliklə, Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurasının zirvə toplantısı qlobal təhlükəyə qarşı birgə mübarizədə əhəmiyyətli tarixi hadisədir".