Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Texnoloji şirkətlər Britaniya kəşfiyyatının təklifini tənqid ediblər

Texnoloji şirkətlər Britaniya kəşfiyyatının  təklifini tənqid ediblər

Tarix: 31 May 2019 16:08

Qırx yeddi hüquq müdafiə təşkilatı, kibertəhlükəsizlik üzrə ekspertlər və “Apple”, “Google”, “Microsoft” və “WhatsApp” kimi texnoloji şirkətlər Böyük Britaniya Hökumət Rabitəsi Mərkəzinin (radioelektron kəşfiyyatın aparılmasına məsul xüsusi xidmət orqanı – GCHQ) xüsusi xidmət orqanlarına şifrlənmiş internet yazışmalarından istifadəyə imkan yaratmaqla bağlı təklifini kəskin tənqid edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, mərkəzin ideyasını tənqid edən açıq məktub “Lawfare” nəşrində dərc olunub. Məktubda qeyd olunur ki, kəşfiyyata şifrlənmiş yazışmalara istifadə imkanının verilməsi informasiyanın şifrlənməsinin təhlükəsizliyini və etimadını pozacaq, həmçinin insanların fikri azad ifadə etmək hüququnu təhlükə altına alacaq.

 

“GCHQ” tərəfindən irəli sürülən təklif ötən ilin noyabrında təhlükəsizlik haqqında esse seriyasının tərkib hissəsi kimi açıqlanıb və konkret xarakter daşımayıb. İdeya müəllifləri hüquq-mühafizə orqanlarına bekdorlar yaratmadan mühafizəli şifrlənmiş yazışmada gizli iştiraka imkan yaratmağı təklif ediblər. Burada söhbət belə məlumatların təkcə alana deyil, həm də xüsusi xidmət orqanlarına avtomatik göndərilməsindən gedir. Nəşr vurğulayıb ki, belə praktika ümumilikdə telefonların dinlənilməsindən fərqlənməyəcək.

 

Məktub müəlliflərinin fikrincə, kəşfiyyat orqanının təklifinin həyata keçirilməsi üçün şifrlənmə üsulu dəyişdirilməlidir. Bundan başqa, istifadəçiləri aldadaraq çatda kimin iştirak etməsi ilə bağlı bildirişləri gizlətmək lazım gələcək.

 

Hüquq müdafiəçiləri, şirkət və ekspertlərin məktubunu şərh edən ideya müəlliflərindən biri İen Levi təklifi fərziyyə adlandıraraq onun müzakirələrin başlanğıcı olduğunu qeyd edib: “Biz maraqlı tərəflərlə işi davam etdirəcəyik və münasib qərarın qəbuluna imkan verəcək açıq diskussiyalar gözləyirik”, – İ.Levi əlavə edib.

 

Nizam Nuriyev




Etiketlər:  Texnoloji şirkətlər Britaniya kəşfiyyatının təklifini tənqid ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ