Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 11:15
Bakı. Trend:
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə ediblər.
BANM-dan Trend-ə bildirilib ki, ümumilikdə proqram çərçivəsində Ali Məktəbin 411 tələbə və müəllimi iştirak edir. Bura “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya Təhlükəsizliyi” ixtisaslarının II, III, IV və V kurs tələbələri (həm bakalavriat, həm də magistratura), Hazırlıq (“Foundation”) kursunun 195 tələbəsi, MBA proqramının bütün tələbələri daxildir. Eyni zamanda, bu proqram “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının bütün professor/müəllim heyətini və işçilərini əhatə edir.
Dərslər nüfuzlu Amerika, Avropa və Asiya universitetləri tərəfindən distant formada aparılır. Aprelin ilkin nəticələrinə əsasən, BANM-in Hazırlıq kursunun tələbələri “İKT-nin mühəndislikdə tətbiqi-2” fənninin Final imtahanından keçmək üçün “Python” üzrə iki universitetin 242 sertifikatını əldə ediblər: Miçiqan Universitetinin sertifikatını 162 nəfər, Toronto Universitetinin sertifikatını isə 80 nəfər alıb.
Ali Məktəbin “İnformasiya təhlükəsizliyi” ixtisasının İT 18.1 qrup tələbələri ümumilikdə 26 olmaqla - Kolorado Universitetinin “Basic Cryptography and Programming with Crypto API” kursu üzrə 19 sertifikat, Amsterdam Universitetinin “Basic Statistics” kursu üzrə 3 sertifikat, Albert Universitetinin “Design Patterns” və “Object-oriented Design” kursları üzrə 1 sertifikat, San Diyeqo-Kaliforniya Universitetinin “Data Structures” və “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “Algorithms on Graphs” kursları üzrə 3 sertifikat əldə ediblər.
BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının AM18.1 və AM18.2 qrup tələbələri ümumilikdə 21 olmaqla - Honq Konq Universitetinin “Differential Equationsfor Engineers” kursu üzrə 2 sertifikat, Kaliforniya San Diego Universitetinin və “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “Data Structures” kursu üzrə 1 sertifikat, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “İntroduction to Numerical Analysis” kursu üzrə 2 sertifikat, Lozanna Federal Politexnik Məktəbinin “Digital Signal Processing” kursu üzrə 3 sertifikat, Yeni Cənubi Uels Universitetinin “Mechanics: Motion, Forces, Energy and Gravity” kursu üzrə 4 sertifikat, Corciya Texnologiya İnstitutunun “Control of Mobile Robots” kursu üzrə 7 sertifikat, Nyu-York Universitetinin “Practical Time Series Analysis” kursu üzrə isə 2 sertifikat əldə ediblər.
“Coursera for Campus” proqramının məqsədi Koronovirus infeksiyasından təsirlənmiş ölkələrə təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal distant tədris proqramının tədrisinə dair lisenziyanı 26 mart tarixindən etibarən əldə edib.
Kurslar sertifikat əldə etmiş tələbələrə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı verir.